Türkiyənin İstanbul şəhərində meyiti tapılan “Şahdağ Quba” futbol klubunun prezidenti Xanbaba Daşdının ölümünün təfərrüatları məlum olub.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, 1995-ci il təvəllüdlü X.Daşdı Azərbaycanda işləri alınmayandan sonra Türkiyəyə gedib.
Son 3 ildə bu ölkədə yaşayıb və futbol meneceri kimi fəaliyyət göstərib. Lakin burada da çətinliklərlə üzləşib.
Digər məlumata görə, onun Azərbaycanda müxtəlif şəxslərə böyük miqdarda borcu var. O, həm ayrı-ayrı şəxslərə, həm də şirkətlərə borclu olub. X.Daşdının Vətənə gələ bilməməyinin səbəbi də bu borclardır.
Qardaşı Təbriz Daşdı Teleqraf-a açıqlamasında deyib ki, Xanbabanın intiharı onlar üçün gözlənilməz olub. “Xəbəri bu gün səhər eşitdik. Onun belə bir hərəkət edəcəyinə inanmazdıq”.
Xanbaba Daşdının Türkiyədə işlərinin necə getməyinə gəlincə, qardaşı bu barədə geniş məlumatı olmadığını söyləyib: “Zəng edib anamla danışırdı. Ailəmizin başqa üzvləri ilə elə də ünsiyyət saxlamırdı. Ona görə də işləri barədə geniş bilgim yoxdur”.
Təbriz Daşdı bildirib ki, qardaşının meyitini Azərbaycana gətirmək istəyirlər, amma buna maddi imkanları yoxdur: “Bununla bağlı müvaffiq dövlət qurumlarından yardım istəyirik”.
Qeyd edək ki, Xanbabanın ailəsi Qubanın Bağbanlı kəndində yaşayır. Atası vəfat edib, anası sağdır. Üç qardaşı və bir bacısı var. Xanbaba həm də ikinci qrup əlildir. O, subaydır.
***
16:22
"Şahdağ Quba" klubunun prezidenti Xanbaba Daşdı vəfat edib.
Teleqraf xəbər verir ki, Türkiyənin İstanbul şəhərində sabiq klub rəhbərinin meyiti tapılıb.
Daşdı bir neçə saat bundan öncə feysbuk hesabında intihar edəcəyi ilə bağlı video paylaşıb.