ABŞ Prezidenti Donald Tramp güman edir ki, Birləşmiş Ştatlar və İran İslam Respublikası nüvə proqramı ilə bağlı saziş bağlaya biləcəklər.
"Report"un məlumatına görə, bunu Amerika lideri Ağ Evin Oval kabinetində jurnalistlərlə söhbətində deyib.
"İran onlar üçün yaxşı saziş imzalamağa çox yaxın idi. Mümkündür ki, bu hələ də baş verə bilər. Güman edirəm", - o qeyd edib.
Eyni zamanda Tramp yenidən təsdiqləyib ki, İran hökumətinin nümayəndələri Ağ Ev də daxil olmaqla danışıqlar üçün ABŞ-yə gəlməyə hazırdırlar. "Onlar gəlib bizi görmək istəyirlər. Məni Ağ Evdə görmək istəyirlər. Bu, böyük bəyanatdır. Amma çox gecdir", - Amerika administrasiyasının rəhbəri bildirib.
Bundan əlavə, o, İrana qarşı hərbi əməliyyatların qısa zamanda dayandırılmasını arzuladığını bildirib. "Bunu mümkün qədər tez başa çatdırmaq yaxşı olardı", - Tramp qeyd edib.
Bu arada İranın BMT-dəki Daimi Nümayəndəliyi, ABŞ Prezidentinin Tehranın Vaşinqtonda danışıqların təşkili tələbi ilə bağlı açıqlamalarını təkzib edib: "İranın heç bir rəsmisi Ağ Evin qapısının qarşısında səcdə etməyi xahiş etməyib”.