Bildiyimiz kimi, ibadət yerlərinə din xadimlərinin təyin olunması səlahiyyəti ruhanilər idarəsindən alınıb. Belə ki, Qafqaz müsəlmanları İdarəsinin (QMİ) əsasnaməsinə bununla bağlı dəyişiklik edilib. Dəyişikliyə əsasən bu səlahiyyət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə həvalə edilib.
Bəs bu dəyişikliyin hansı müsbət və ya mənfi təsiri ola bilər?
Mövzu ilə bağlı Bizim.Media -ya danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib ki, bu qərar gənclərin işlə təmin olunmasına öz müsbət töhfəsini verəcək:
“Azərbaycan İlahiyyat Universitetinin tələbələri məzun olaraq müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Bu məsələ birmənalı olaraq müsbət nəticəsini verəcək”.
Deputat məsələnin uzun müddətdir müzakirə olunduğunu bildirib:
“Nəhayət, qərara gəlindi ki, bu məsələ artıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə həvalə olunsun. Bu istiqamətdə fəaliyyətə başlanıldı. Əvvəlki illərdə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini bitirən və Azərbaycan Dövlət İlahiyyat Universitetinin məzunlarına Qafqaz Müsəlmanları İdarəsi din xadimi kimi fəaliyyət göstərməyə imkan vermirdi. Bu insanların çoxu işsiz qalmışdı, təxminən BDU-dan minə yaxın gənc məzun olmuşdu və bunların heç biri QMİ tərəfindən işlə təmin olunmayıb. Baxmayaraq ki, dövlət bu qədər vəsait qoyurdu və bu gənclər yetişdirilirdi”.
O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həmin məzunlara tədricən şərait yaratdığını qeyd edib:
“Proses dövlətin özünün nəzarətində olmalıdır. Burda xeyli işlər görülüb, amma hesab edirəm ki, xeyli görüləsi işlər var. Yəni din xadimi vəzifəsi asan vəzifə deyil. Din xadimi işləyən insanın təcrübəsi olmalıdır, yalnız nəzəriyyə yetərli deyil. Məzunların bu təcrübəyə tam yiyələnməsi, bütöv şəkildə müsbət ənənələrin gələcəkdə müasir din xadimlərinə aşılanması üçün səy göstərilməlidir.
Din xadimi həm ölü yuyur, həm namaz qıldırır, həm dəfni həyata keçirir, yəni bu həm də ağır və məsuliyyətli bir vəzifədir. Bu sahədə çalışanların təcrübi biliklərinin artırıması istiqamətində səylər daha da gücləndirilməlidir. Eyni zamanda, din xadimlərinin təyinatına həddindən artıq həssas yanaşımalıdr. Biz bütün məscidlərdə milli kadrların yetişdirilməsi üçün davamlı səyər göstəməli və addımlar atmalıyıq”.