
Trend.az saytının verdiyi məlumata görə son günlər Azərbaycan və Türkiyədən olan xeyli sayda insan könüllü dəstələrdə bir araya gələrək Ermənistana qarşı müharibəyə başlamaq istədiyini bildirib. Məlumata görə, Müdafiə Nazirliyinə ünvanlanan bu müraciətin meydana çıxmasına səbəb son vaxtlar cəbhə xəttində vəziyyətin əhəmiyyətli dərəcə gərginləşməsi olub. Müdafiə Nazirliyinin məlum müraciətlərə hansı məzmunda cavab verdiyi bəlli olmasa da, bu cür müraciətlərin kifayət qədər çox olduğu vurğulanır.
Ekspertlər isə hesab edir ki, indiki məqamda Azərbaycanda hər hansı könüllü dəstələrin formalaşması inandırıcı görünmür. Mütəxəssislərin fikrincə, bu cür könüllü dəstələrin formalaşması daha çox 90-cı illərin əvvəlləri üçün xarakterik idi ki, bu da bəzi obyektiv səbəblərdən qaynaqlanırdı. Məlum dönəmdə nizami ordu birləşmələrinin tam formalaşmaması, Silahlı Qüvvələrin say tərkibi və idarəedilməsi ilə bağlı yaranan çətinliklər cəbhəyanı bölgələrdə könüllülərdən ibarət özünümüdafiə batalyonlarının yaradılmasını şərtləndirən amillər idi. Hansı ki, məlum könüllü dəstələrinin Qarabağın düşmən hücumundan müdafiəsində ciddi rol oynadığı və böyük fədakarlıqlar göstərdiyi inkarediməzdir. Bu gün isə Silahlı Qüvvələrin 90-cı illərlə müqayisədə kifayət qədər inkişaf etdiyinə diqqət çəkən ekspertlər, könüllü dəstələrinin yaradılmasına ehtiyac olmadığı qənaətindədir. Ekspertlərin fikrincə, hazırkı dönəmdə könüllü dəstələrin yaradılması həm də qanunvericiliyin tələblərinin pozulması və nizami ordunun gücünə inamsızlıq demək olar.
Bundan başqa, ekspertlər hesab edir ki, əslində könüllü dəstələrin yaradılması ilə bağlı yayılan xəbərlər beynəlxalq siyasi müstəvidə də Azərbaycanın maraqlarına zərbə vurur. Belə ki, bu cür informasiyalar Azərbaycanın zorakılığa meyilli, Qarabağ probleminin həlli üçün sülhdən daha çox müharibəyə üstünlük verən dövlət imicini formalaşdırır ki, bu da arzuedilən deyil.
Moderator.az-ın məlumatına görə, “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri, polkovnik Üzeyir Cəfərov isə könüllü dəstələrin yaradılması ilə bağlı hər hansı müraciətin olmadığı fikrindədir. Ekspertin bildirdiyinə görə, son günlər aktuallaşan məlum informasiyaların heç bir obyektiv əsası yoxdur: “Azərbaycanda heç bir könüllü dəstəsi yoxdur və bu cür dəstələrin yaradılması ilə bağlı da heç kim heç hara müraciət etməyib. Bu yaxınlarda Tovuz bölgəsindən Etibar Əmiraslanov mətbuat vasitəsi ilə müdafiə nazirinə müraciət ünvanlamışdı. Qeyd etmişdi ki, məni nazir qəbul etsin, ona deyəcəyim sözlər var. Bəzi dostlarımız bu məlumatı götürüb şou və sensassiya xarakterli informasiyalar yaradıblar”.
Ekspertin bildirdiyinə görə, müraciətə Türkiyə vətəndaşlarının qoşulması ilə bağlı yayılan xəbərlər də obyektivliyi əks etdirmir. Ü.Cəfərovun məlumatına görə, Türkiyə vətəndaşları bu çağırışı yalnız sosail şəbəkələr vasitəsi ilə dəstəkləsə də, hər hansı rəsmi müraciət olmayıb: “Etibar bəyin çağırışına cavab olaraq sosial şəbəkədə Türkiyədən olan bəzi qardaşlar da qarşılıq vermiş və bildirmişdilər ki, biz də ermənilərlə savaşa hazırıq. Məhz bu hadisələr fonunda belə bir informasiyalar ictimaiyyiləşməyə başladı ki, guya Azərbaycanda könüllü dəstələri yaradılır və türklər də bu prosesə dəstək verir. Əslində isə bütün bunlar əsassızdır”.
Hərbi ekspertin sözlərinə görə, əgər kimlərsə tərəfindən könüllü dəstələrin yaradılması ilə bağlı Müdafiə Nazirliyinə hər hansı müraciət olarsa, bu müraciət bütün hallarda müsbət cavablandırılmayacaq. Buna səbəb sözügdən silahlı birləşmələrə heç bir ehtiyacın duyulmamasıdır: “Azərbaycanda könüllü dəstələrinin yaradılmasına ehtiyac yoxdur. Belə bir dəstələrin yaradılmasına da kimsə icazə verməyəcək. Çünki rəsmi qurumlar var və onların mövcudluğu şəraitində könüllü dəstələrə heç bir ehtiyac yoxdur”.
Ü.Cəfərov son günlər ölkə mediasında yer alan dezinformasiyalarla bağlı Müdafiə Nazirliyinin susqunluq sərgiləməsinin də başadüşülən olmadığını qeyd etdi. Ekspertin sözlərinə görə, Azərbaycanın maraqlarına zərbə vuran bu informasiyaların həqiqəti əks etdirmədiyi ilə bağlı Müdafiə Nazirliyi açıqlama verməli, ictimaiyyəti məlumatlandırmalı idi: “Bu cür informasiyaların yayılmasına rəğmən Müdafiə Nazirliyi hər zamankı kimi yenə də susur. Halbuki, baş verənlər mahiyyət etibarilə Azərbaycanın ziyanına işləyən prosesdir. Bu cür xəbərlərin aktuallaşması Azərbaycanın rəsmi razılaşmalardan kənar addımlar atması anlamına gəlir. Buna görə də hesab edirəm ki, bu cür xəbərlərin qabağı alınmalıdır. Bir daha deyirəm ki, Azərbaycanda heç bir könüllü dəstəsi yoxdur və buna heç kim icazə verməyəcək".
Ekspertin bildirdiyinə görə, hazırda 90-cı illərdən fərqli olaraq Azərbaycan Silahlı Qüvvələrinin durumu kifayət qədər yaxşıdır. Belə olduğu halda əvvəlki dönəmlərdə olduğu kimi, dövlətin hansısa könüllü dəstələrinin yaradılmasına sitimul verəcəyi inandırıcı deyil: “Bu gün 90-cı illər deyil ki, hansısa problemlər və çətinliklər mövcud olsun, könüllü dəstələrinə ehtiyac hiss edilsin. Azərbaycanda güc orqanlarının, Silahlı Qüvvələrinin imkanları yetərincə böyükdür. Belə olduğu halda hansısa könüllü dəstələrin yaradılması absurtdur. Bu ideyanın reallaşması da qeyri-mümkündür”.








