“Qərbi Azərbaycan İcmasının (QAİ) nəzdində “Ziyalılar Şurası” fəaliyyət göstərir. Məni də həmin Şuraya üzv yazıblar. Bu Şuranı şəxsi mənafelərin qurbanına çeviriblər. Artıq 5-ci iclasdır ki, şəxsən məni Şuranın tədbirlərinə dəvət etmirlər”.
Gununsesi.info bildirir ki, bunu əslən Qərbi Azərbaycandan olan sabiq deputat Etibar Əliyev deyib.
O, daha sonra əlavə edib:
“Başa düşmürəm, bəlkə başda QAİ rəhbəri Əziz Ələkbərli və Şuranın sədri, “Dialektik materializm” müəllimi Elxan Hüseynovun “mütərəqqi” ideyaları əsasında ziyalılığın kriteriyalarını dəyişiblər? Mən fəlsəfə üzrə fəlsəfə doktoruyam, 8 kitab müəllifiyəm, 500-dən çox elmi-publisistik məqaləm çap olunub. Sosial şəbəkələrdə ciddi maarifçiliklə və QAİ-nin ideoloji təbliğatı ilə məşğul oluram. İcmanın üzvü kimi xaricdə yaşayan və Azərbaycanın əleyhinə təbliğat aparan şəxslərə layiqli cavab verən yeganə şəxslərdən biriyəm. Ziyalılar Şurası maarifçiliklə məşğul olmalıdır. Təəssüflər olsun ki, bu işi bacarmırlar…
Bütün bunların fonunda məni ziyalı hesab etmirsiniz? Qərbi Azərbaycan İcması Prezident cənab İlham Əliyevin ideyasıdır və bu qurumda konfliktlər birmənalı şəkildə yolverilməzdir. Mən Facebook hesabımdan Əziz Ələkbərlidən tələb edirəm: Adımı Ziyalılar Şurasından çıxarın!
Mən heç bir qurumda yük olmaq niyyətində deyiləm”.








