Göyçay şəhər sakini Məmmədova Südabə Nəcmi qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Cənab Prezident!
Mən, Məmmədova Südabə Nəcmi qızı, yazaraq bildirmək istəyirəm ki, dünən günorta saatlarında həyat yoldaşım Məmmədov Cavid İkram oğlunu Göyçay Rayon İcra Hakimiyyətinə dəvət etdilər. İcra Hakimiyyətinin Arxitektura və Memarlıq Şöbəsinin müdiri Ayaz Səfərəliyevin qəbulunda olduq…
Hansı ki, bundan öncə onun haqqında ölkə başçısına və yuxarı instansiyalara çoxsaylı şikayətlər ünvanlayırdıq. Məhz ona görə də o, bizi öz kabinetində təhqir etməyə başladı. Mən ona "Sən bizə neyləyəcəksən ki? Bizim dövlətimiz, qanunlarımız var", - deyən kimi o, Göyçay Rayon Polis Şöbəsinə zəng vuraraq həyat yoldaşımı həbs etdirdi.
Polis gəlməmişdən öncə, Ayaz Səfərəliyev və onun adamları bizə əl-qol atdılar. Mən orada baş verən hadisəni telefon vasitəsilə çəkməyə başladım. A.Səfərəliyev və onun əlaltıları telefonumu almağa çalışdılar. Mən vermək istəmədikdə isə, qolumu zorla buraraq əlimdən aldılar.
Biraz sonra isə həyat yoldaşımı polis şöbəsinə apardılar. Polis bir neçə saat yoldaşımı saxladıqdan sonra, şərə düşdüyünü anlayaraq, azadlığa buraxıldı.
Cənab Prezident!
Sizdən, Mehriban xanım və cənab Vilayət Eyvazovdan xahiş edirəm, imkan verməyin ki, bizi ölüm həddinə çatdıran Ayaz Səfərəliyev polisin əli ilə bizə pislik etsin”.
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
***
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan DİA.AZ-a
bildirilib ki, Göyçay rayon sakini Cavid Məmmədov rayon ərazisində qanunsuz
tikinti işləri apardığı üçün ona bir neçə dəfə aidiyyəti qurumlar tərəfindən
xəbərdarlıq edilib.
Rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinə dəvət edilən C.Məmmədov
orada ucadan səs-küy salaraq iş rejiminin və ictimai qaydanın pozulmasına yönələn
hərəkətlərə yol verib. Onun bu əməlləri ilə bağlı polis şöbəsinə müraciət edilib və
həmin şəxs ərazi polis orqanına gətirilib. C.Məmmədov barəsində İnzibati Xətalar
Məcəlləsinin 395.1-ci (müvafiq icra hakimiyyəti orqanının icazəsi alınmadan
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş
tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə) və 510-cu
(xırda xuliqanlıq) maddələri ilə protokol tərtib edilib və sərbəst buraxılıb.
Həmin şəxsin həbs olunması barədə səsləndirilən iddialar isə əsassızdır.









