“Dədə Qorqud” bilicisi Kamal Abdullanın, “millət vəkili” Günay Ağamalının və guya öz aləmində söz oynadan Mirşahinin Azərbaycan qadınını aşağılayan fikirlərini oxuyub xeyli heyrətləndim. Açığını deyim ki, məni ən çox heyrətləndirən nə Kamal Abdullanın, nə də Günay Ağamalının sözləri oldu. Ən dəhşətli fikirlər və xalqı aşağılamalar Mirşahinin cızma-qarasında (qüsura baxmasın, hər oxuyan Molla Pənah olmadığı kimi, hər yazılana da yazı demək günahdır) yer alırdı. Mir Şahin müxaliflərinə qarşı öz “şahin” mövqeyini burda da sərgiləmiş, hədəfə aldığı Azərbaycan qadınını aşağılamış və zır-savadsızlığını burda da nümayiş etdirmişdir. Məhz bu səbəbdən də onun “şahin” mövqeyini “mirşahinlik” yox, “zır-şahinlik” adlandırmaq daha doğrudur.
“Bura baxın, həpəndlər, əgər uşaq pulu sizə özünüzəbənzər güruh tikələri törətmək, Günay Ağamalının-Qadının, Ananın üzünə ağ olmağa qadir “canlılar” doğurmaq üçün lazımdırsa, ya aptekə gedin, ya da nisyə dəftərinə doğub-törəyin! Yaxud o pula törədəcəyiniz uşaqlar böyüyüb Kamal Abdullanı linç etməyə cumacaqsa, yaratmayın o zavallı potensial qaragüruhçu nəsli…Qoy uşaqlar sevgidən doğulsunlar, maliyyə sənədlərindən yox. Az olsunlar, amma sevgi balaları olsunlar! Doğub, törəyib, sonra da “Pulumu verin!” deyə qışqırmayın. “Bəxtiyar” olmayacaqsınız!”, - budur özünü Azərbaycanın as jurnalistlərindən sayan “Zır Şahin” düşüncəsi.
Mirşahin öz aləmində keyfiyyətli nəsillər yaratmaq üçün millətin doğurğanlığını azaltmağı, bir növ qısırlaşdırmağı təklif edir. Halbuki, bu tezislərin özü milləti aşağılamaq bir tərəfə qalsın, birbaşa faşist nəzəriyyələrin məhsuludur və milli dövlət dəyərlərinə xidmət etmir. Heç kimə sirr deyil ki, müasir dünyamızda demoqrafik azalmanın qarşısını almaq bütün ölkələrin ən ümdə vəzifəsinə çevrilib. Xüsusilə getdikcə doğurğanlığı zəifləyən Azərbaycan üçün bu, ölüm-qalım məsələsidir. Rəsmi statistikalar sübut edir ki, Azərbaycanda doğurğanlıq 0.3 faizlərə düşüb və bu nisbət ildən-ilə azalmaqdadır. Bu isə yerində saymaq, millət olaraq qocalmaq və sonra isə ölmək deməkdir. Hər bir millət və ya dövlət məhz bu prosesləri keçərək yox olur.
Dərd burasındadır ki, bu həqiqət müasir çağımızda kəşf olunmayıb. Bizdən 13 əsr əvvəl yaşayan babalarımız belə sözügedən həqiqətin sirrinə vaqif olub və nəslin artımı üçün çalışmışlar. 8-ci əsrdə yaşamış və düşüncələrini Orxon-Yenisey abidələrinə həkk etdirərək, gələcək nəsillərə çatdırmağa çalışan Kül-təkin bəy öz daş kitabəsində təxminən belə yazmışdır: “Ac xalqı tox, az xalqı çox qıldım”.
“Az xalqı çox qılmaq” siyasəti, təbii ki, bu günün demoqrafik artım probleminin əski çağlarda bir başqa ifadəsi idi və Kül-təkin bəy bu sözləri bizə ərmağan buraxırkən dövlətin əsas strategiyasının nə olmalı olduğunu göstərmişdir.
O dövrdən bu günə 13 əsr kimi uzun müddət keçir. Amma bizim Kamal Abdulla kimi alimlərimiz, Günay Ağamalı kimi “deputatlarımız”, Mirşahin (daha doğrusu, Zır-şahin) kimi “tele-ulduzlarımız” hələ də bu həqiqəti anlaya bilməyiblər. O halda nə haqla indiki kreslolarında oturublar? Dövlətlərin 1 nömrəli strategiyasına qarşı çıxanları o kresloda saxlamaq nə dərəcədə doğrudur? Özləri yumşaq desək, öz qəbahətlərini görə bilməyəcək qədər kordurlarsa, onlara əsl yerlərini göstərmək dövlətin 1 nömrəli vəzifəsi olmalıdır.
Müəllif: Heydər Oğuz - "DİA-AZ"









