Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankara şəhərindəki Baş Qərargah binasında tərəflər arasında kütləvi dava düşüb.
Teleqraf xəbər verir ki, səhər saatlarında partiyanın mərkəzi ofisində binanın təxliyəsi ilə bağlı ciddi gərginlik yaşanıb.
Məlumata görə, CHP-nin hazırkı sədri Özgür Özelin tərəfdarları ilə partiyanın keçmiş lideri Kamal Kılıçdaroğlunun tərəfdarları arasında yaranan mübahisə qısa müddətdə əlbəyaxa qarşıdurmaya çevrilib. Tərəflər bir-birinə təpik və yumruq zərbələri endirib.
Davanın qarşısını almaq və vəziyyəti sakitləşdirmək üçün bəzi deputatlar hadisəyə müdaxilə ediblər.
Qeyd edək ki, partiya daxilində yaranan bu ciddi qarşıdurmaya Ankara Məhkəməsinin verdiyi son qərar səbəb olub. Məhkəmə CHP-nin 4-5 noyabr 2023-cü il tarixində keçirilmiş 38-ci qurultayının nəticələrini rəsmən ləğv edib.
Qərara əsasən, sözügedən qurultayda partiya sədri seçilmiş Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. Məhkəmənin çıxardığı yekun qərar qətiləşənə qədər isə CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu müvəqqəti olaraq yenidən partiya rəhbəri postuna qaytarılıb. Qərargah binasındakı təxliyə gərginliyinin də məhz bu səlahiyyət dəyişikliyindən sonra başladığı bildirilir.









