“OMBUDSMAN APARATI MÜSTƏQİL OLMALI İDİ”…
Tarix: 9-03-2012, 13:55 |
Çap et
LEYLA YUNUS SƏRT DANIŞDI
Ombudsman Aparatının rəhbəri E.Süleymanova Milli Məclisdə açıqladığı hesabatında qanunsuz tikilmiş evlərin inventarlaşdırılması və onların qeydiyyata alınmasını təklif edib. Ombudsmanın bu təklifi millət vəkilləri tərəfindən də dəstəklənib.
Bu günə qədər paytaxt Bakıda qeydiyyatda olan kifayət qədər evlərin qeyri-qanuni sökülməsini nəzərə alsaq, E.Süleymanova tərəfindən verilən təklifin reallığa çevrilməsi nə dərəcədə mümkündür?
Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən və bir müddət öncə qeydiyyatda olan evi sökülən Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunus Azərbaycanda Ombudsman Aparatının mövcud olmadığını bildirdi: “Azərbaycan Avropa Şurası qarşısında öhdəlik götürmüşdü ki, ölkədə Ombudsman Aparatı müstəqil olacaq. Lakin hakimiyyət ombudsmanın iqtidar, xüsusilə prezident tərəfindən təyin edilməsi ilə bağlı qanun qəbul etdi.”
Bu səbəblərə görə ölkədə müstəqil Ombudsman Aparatının olmadığını qeyd edən hüquq müdafiəçisi, “Elmira Süleymanovanın hər hansı bir sözünə şərh verməyi özümə qarşı hörmətsizlik bilirəm”, - deyə bildirdi: “Bu qadınla şəxsən görüşəndə, ona dedim ki, sənin paltarın qana bulaşıb. İnsanları qazamatda işgəncə ilə öldürürlər, siz isə susursunuz. Öldürülən insanların hamısının qanları ombudsmanın paltarına yaxılıb. Bu səbəblərə görə, onun hər hansı sözünə münasibət bildirmirəm.”