VASİF TALIBOV “TURAN”I SEVMİR
Tarix: 7-03-2012, 15:38 |
Çap et
NAXÇIVANDA AZƏRBAYCAN XİN-İN SÖZÜ KEÇƏRLİ DEYİLMİŞ
Bu gün “Turan” agentliyinin müxbiri Məlahət Nəsibova Naxçıvanda keçirilən Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin görüşünə buraxılmayıb.
Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları müxbiri “görüşün keçirildiyi “Duzdağ” otelinə buraxmayıblar. Halbuki, o, Azərbaycan XİN-də akkreditədən keçib.
XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin işə qarışması da kömək etməyib. Naxçıvan hakimiyyətinin nümayəndələri ona bildiriblər ki, qadağa “təhlükəsizlik məsələsi” ilə bağlıdır. Digər KİV nümayəndələri isə maneəsiz olaraq tədbirə buraxılıblar.
“Bütün jurnalistləri siyahı üzrə buraxdılar. Mənim adıma çatanda təhlükəsizlik xidmətinin işçiləri məni saxladılar və kiməsə zəng etdilər. Bundan sonra dedilər ki, mən daxil ola bilmərəm. Sonra polis maşını gəldi, məni isə mülki geyimli şəxslər əhatəyə aldılar”, - M.Nəsibova telefonla bildirib.
Qeyd edək ki, jurnalist və hüquq müdafiəçisi Məlahət Nəsibova çoxdandır ki, Naxçıvan hakimiyyəti üçün “arzuolunmaz şəxsdir”. Lakin indiyədək Naxçıvan hakimiyyəti ölkə XİN-in işlərinə, hər halda bu cür məsələlərlə bağlı işlərinə qarışmağa cürət etməmişdi.