“AMBASSADOR” MÜSAVATA YOX DEDİ
Tarix: 5-10-2011, 16:13 |
Çap et
ƏN QƏDİM PARTİYAMIZ YER TAPMIR
“Ambassador” oteli Müsavat Partiyasının 100 illik yubileyi ilə bağlı oktyabrın 7-də “Müsavat Partiyası - 100 il azadlıq və istiqlal uğrunda mübarizədə” adlı Bakı Forumunun orada keçirilməsi barədə razılaşmadan imtina edib.
Bu barədə musavat.com-a Ərəstun Oruclu məlumat verib. Onun dediyinə görə, otelin nümayəndəsi ona zəng edərək sifarişin ləğv olunduğunu bildirib. Otel nümayəndəsi heç bir səbəb göstərməyib.
Ə.Oruclunun sözlərinə görə, “Niaqara” restoranı ilə tədbirin ziyafət hissəsi ilə bağlı razılaşma əldə olunubmuş. Eyni vaxtda “Niaqara”nın nümayəndəsi də təşkilatçı tərəflə əlaqə saxlayaraq sifarişin ləğv olunduğunu deyib. Ə.Oruclu bildirdi ki, həm otelə, həm də “Niaqara”ya əvvəldən beh də ödənilibmiş.
Qeyd edək ki, “Fridrix Naumann” Fondunun təşkilatçılığı və Müsavat Partiyasının dəstəyi ilə “Ambassador” otelində keçirilməsi planlaşdırılan forumda Müsavatın avropalı müttəfiqləri, həmçinin onların dəvət etdiyi qonaqlar iştirak edəcəklər. Bu mötəbər tədbirə Türkiyə, Almaniya, Hollandiya, Finlandiya, Belçika, Gürcüstan və digər ölkələrdən 20-dək xarici qonaq qatılacaq.
Ə.Oruclu forumu hər bir halda keçirəcəklərini bildirib.