“Bu gün doğum günüm olsa da qeyd etmirəm. Mənim həyatda heç nəyim yoxdur, qalmayıb, gedib. Nə bayram, nə ad günü... Dünyam boşalıb (ağlayır). Hamı zəng edir, təsəlli olmağa çalışır, nəsə etmək istəyirlər, amma heç kim mənə Oqtayı əvəz edə bilmir. Oqtaya çox bağlı idim”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Elmira İsmayılova deyib. Sənətkar oğlu, tanınmış prodüsser Oqtay Əliyevin onu necə təbrik etməsini də xatırlayıb.
“Oqtay ad günümə 2 gün öncədən hazırlaşırdı. Hər şey edirdi. Restoranına kimi danışırdı. Deyirdim ki, ay balam, lazım deyil, istəmirəm. Nəhayət dedim ki, Oqtay, bir gün başımı yerə qoyub gedəcəm, sən dözməyəcəksən buna. Mənsizliyə alış. Nə biləydim ki, mən alışmalıyam onsuzluğa (kövrəlir). Təkcə ad günümdə deyil, bayramlarda da hər şey alıb gətirirdi. Oqtay o cür adam idi. Həmişə mənə fəslində yasəmən gülləri gətirərdi. Hər bir meyvənin ilk nübarını Oqtay mənə gətirməli idi. Onsuz çox çətindir. Tək mənə yox, atasına da. Dözülməz dərddir!” deyə sənətkar bildirib.
Elmira İsmayılova bildirib ki, Azərbaycanı bütöv görmək Oqtay Əliyevin ən böyük arzusu idi.
“O bu günləri görsəydi təkcə sevinməzdi, göylərdə uçardı! Oqtay bu dünyadan arzu ilə köçdü. Bir qığılcım olan kimi o dəqiqə zəng edərdi ki, televizoru aç, xəbərlərə bax. İki daşın arasında bütün xəbərləri zəng edib mənə deməli idi. Yuxularıma da gəlir. Heç nə demir, danışmır. Evin adamı kimi həmişə mənim yanımdadır. Sanki evdədir, gəlib danışır, oturur, söhbət edir. Bütün günü yanımdadır, məsləhətlər alıram. Səhər günümü onunla açıb, axşamı da onunla bağlayıram” deyə xalq artisti bildirib.