"Arif özünü çox qoruyurdu, insanlarla görşmürdü ki, virusa yoluxar"
Tarix: 13-11-2021, 09:57 |
Çap et
"Arif özünü çox qoruyurdu, insanlarla görşmürdü ki, virusa yoluxaram”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti, mərhum aktyor Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva deyib. O bildirib ki, Arif Quliyev evdən xəstəxanaya gülə-gülə gedib:
"Heç kim inanmazdı ki, Arif dünyasını dəyişəcək. Heç bilmədim, hər şey bir anın içində oldu. Birdən-birə qızdırması qalxdı, həkimə müraciət elədik, yoxladılar. Apardıq xəstəxanaya, dedilər ki, virus ciyərinin çox hissəsini zədələyib. Tamaşaçı onu necə görmüşdüsə, xəstəxanaya da elə getdi. Gülə-gülə, zarafat edə-edə, hardan biləydik ki, geri qayıtmayacaq”.
Həyat yoldaşı deyir ki, Arif Quliyevin yoxluğunu hər an hiss edir:
"Sağ olsun dövlətimiz, kömək edir, amma Arifin varlığı bir başqa idi. Onsuz bizə çətindir. Özüm də qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkirəm. Bu xəstəlik sağalmır. Müalicə olunuram, görək də, qismət Allaha”.
Qeyd edək ki, Xalq artisti Arif Quliyev mayın 7-də dünyasını dəyişib. Onun ölümünə səbəb koronavirus infeksiyası olub.