Goranboy rayon sakini Əliyev Bəhram Rizvan oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi “Həyat” MMC şirkətində işlədiyini və pulunu ala bilmədiyini bildirir:
“Mən, Əliyev Bəhram Rizvan oğlu, yazaraq bildirirəm ki, Goranboy rayonunda “Həyat” MMC-nin sosial binaları tikilən zaman müxtəlif mağazalardan tikinti avadanlıqlarını alıb, onlara vermişəm. Artıq 6-7 aydır işlərini dayandırıblar.
İşlədiyim müddətdə 3 ay əmək haqqı verilmədi. Artıq 7 aydır ki, mənə borclu olduqları 4500 manat pulu ödəmirlər. Adıma VÖEN açdırmışdılar, onu da ödəmədilər.
Hazırda vergidən də mənə borc gəlib. 3000 min manat əmək haqqım qalıb, üstəlik vergi də onlara görə 1500 manat borc yazıb.
Şirkət təkcə mənim yox, orada işləyən digər şəxslərin də əmək haqlarını vermir. Günü-günə satırlar. Çarəsiz vəziyyətdə qalmışıq".
Məsələ ilə bağlı “Həyat” MMC-nin rəhbər şəxslərindən olan Nəcəf Əliyevlə əlaqə saxladıq. O bilddi ki, həmin şəxs müqavilə ilə işləyib, vəzifəsi briqadir olub, ödənişləri də olunub: "VÖEN isə bizə aid olmayıb.
Əmək haqqını ala bilməyən işçilərlə bağlı heç bir məlumatım yoxdur. Şirkətin borclu olduğu işçi yoxdur. O işçilər yəqin ki, Əliyev Bəhram Rizvan oğlunun işçi heyətindəndir. Yəni şirkətə aidiyyatı yoxdur".