Gəncə Dövlət Universitetində rektor maxinasiyaları... - Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi
Medianın gündəmindən düşməyən ali məktəblərdən biri, bəlkə də birincisi Gəncə Dövlət Universitetidir. Gəncə Dövlət Universitetinə 2014-cü ildə Yusif Yusibov rektor təyin olunandan demək olar ki, təhsil bərbad günə düşüb. GDU rektoru ən primitiv üsullarla büdcədən pul silir. Məsələn xidməti avtomobillərin mühırriki üçün ayrılan pullar rektorun növbəti pulsilmə əməliyyatlarından biridir. Bununla bağlı cumhuriyyet.az bildirir ki, proses normalda ildə 1 dəfə planlaşdırılıb və bu da böyük bir müddət aparır. Cavanşir müəllim isə bu iş üçün ildə bir neçə dəfə sərəncam imzalayır və hər dəfə 3-5 min manat pul mənimsənilir. Yəni, avtomaşının mühərriki heç bir problem göstərmirsə deməli, yenidən təmirə ehtiyac duyulmur. Əgər mühərrik yenidən sıfırdan yığılırsa ən azı 5 il normal qaydada işləmək gücündədir. Rektor heç bir halda bu pul silmə əmıliyyatını apara bilməz.
Qəribədir, universitetdə professor-müəllim heyətinin maaşı qaldırılmır, universitetə laboratoriyalara avadanlıq, kitabxanalara yeni dərs vəsaitləri alınmır, amma limon qabı, qazan, kəfkir, qaşıq, bıçaq, cömçə, tava kimi qab-qacaqlar, tualet kağızı,domestos, net kimi kimyəvi vasitələr almaq adı ilə büdcə vəsaitləri talan olunur.
Yusif Yusibovun Təhsil naziri Emin Əmrullayevlə münasibətləri normal deyil. Yusif Yusibov nazir Emin Əmrullayev üçün arzu olunmaz şəxsdir. Təhsil Nazirliyi həm kütləvi informasiya vasitələrində dərc olunan materiallara görə, həm də nazirliyə olunan çoxsaylı şikayətlərə görə universiteti yoxlatmaq üçün xüsusi komissiya göndərib. Komissiya yoxlama prosesində maliyyə sahəsində çoxlu yeyintilər, büdcə vəsaitlərinin talanması, saxta tələbə köçürmələri və s. kimi cinayət xarakterli faktlar aşkar edib. Məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, bununla bağlı rektorun kabinetinə girən komissiya üzvləri rektor Yusif Yusibov tərəfindən kobud formada təhqir olunub. Rektorla komissiya üzvləri arasında danışıq alınmadıqda, Yusif Yusibov onları otaqdan qovaraq qışqırıb ki, gedin bacardığınızı eləyin. Bundan sonra rektor bir başa Mikayıl Cabbarova zəng edib. Komissiya üzvəri bununla bağlı Təhsil naziri Emin Əmrullayevə məlumat veriblər. Emin Əmrullayev bundan sonra universitetə daha bir komissiya göndərib, özü Gəncə şəhərinə səfər edib, amma universitetə gəlməyib, digər ali məktəblərə, bir neçə orta məktəbə baş çəkib. Görünür, Maliyyə naziri Samir Şərifov, İqtisadiyyat naziri Mikayıl Cabbarov və Xarici işlər naziri Ceyhun Bayramov tərəfindən ciddi təzyiqlərə məruz qalıb. Belə ki, Yusif Yusibovun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyinin Aparat rəhbəridir.
GDU rəhbərliyinin daha bir gəlir yeri aylığa buraxılan tələbələrdir. Bu prosesə bir başa Tədris məsələləri üzrə prorektor Şahin Xurşudov rəhbərlik edir. 2007-ci ildən bu yana GDU-da dekan müavini, kafedra müdiri, dekan işlədiyi dövrdə adı bir çox qalmaqallı məsələlərdə, eləcə də tələbə ilə insidentdə hallanan Xurşudov hazırki vəzifəsinin icrasına başlar-başlamaz digər fakültə dekanlarından tələbələrdən pul yığmağı tələb edib. Məsələn, prorektorun kəsdiyi “racona” görə, bir tələbənin bir semestrlik aylığa buraxılmasının haqqı 500 manatdır. Buraya kollekvin və imtahanların qiymətləri daxil deyil.
Zatən Xurşudov həmişə rektorun “qara kassası” kimi tanınıb, rüşvət toplamaqda pərgar olub. İndi isə 71 yaşlı Yusifov külli-ixtiyarı verib Xurşudovun əlinə. Xurşudov isə özünü “mini-rektor” adlandıraraq sinəsinə döyür.
Şahin Xurşudov universitetdə 30 il stajı olan, maaşdan-maaşa sürünə-sürünə çıxan, işə avtobuslarda gəlib-gedən, ildə bir dəfə ayaqqabı dəyişən müəllimlərə bənzəmir. Bu adam 100 minlik avtomobildə gəzir, qolundakı saatın qiyməti 6-7 min manatdır. Şahin Xurşudov demək olar ki, Gəncədə ki, əksər ali məktəblərə əl qoyub. Məsələn o, 1, ştat vahidi ilə Gəncə Dövlət Universitetinin İqtisadiyyat kafedrasında, 0,5 ştat vahidi əvəzçiliklə və 240 saathesabı ilə Azərbaycan Texnologiya Universitetində dosent və yenə də Gəncə Dövlət Universitetinin “Təcrübə və işlə təminat”şöbəsinin “ictimai əsaslarla müdiridir. Amma gülməlisi budur ki, rəsmi strukturda belə bir şöbənin olması göstərilməyib. Ancaq o tək özü yox, hətta 5 nəfər işçi də işə götürüb və özünə möhür də düzəltdirib. Yəqin indi nəyə görə belə şəxsin dekan vəzifəsinə gətirilməsinin sirlərini bildiniz.
Və üstəlik Şahin Xurşudov Gəncə Dövlət Universitetinin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektorudur.