"Mətbuatda belə bir başlıqlı məqalə gördüm: "Aprelin 27-də Xəzər Beynəlxalq Universitetində siyasi elmlər professoru Ramiz Yunusun tələbələr və professor-müəllim heyəti qarşısında geniş mühazirəsi keçirilib". Azərbaycanda "Politologiya" elmi urvatsız bir vəziyyətə salınıb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında keçmiş deputat Etibar Əliyev qeyd edib.
O daha sonra özünün atmaca dolu fikirlərini belə davam etdirir: "Ramiz Yunusdan tutmuş ta Kamran Həsənliyə kimi politoloqların dünyanın gələcəyi haqqında proqnozları orta səviyyəli baxıcıların dediklərindən çox da fərqlənmir. Kissencerdən tutmuş ta Fərid Zəkəriyyəyə qədər olan dünyanın nəhəng siyasət adamları bunlar qədər danışmayıblar. Mətbuatda "Ramiz Yunusla senasion müsahibə" başlığını görən kimi oxumadan onun nədən danışdığını fərz etmək olur.
İndi diqqət edin: Bu adam Xəzər Universitetində çıxışını belə yekunlaşdırıb: "Bu gün baş verənlər onu göstərir ki, tarix artıq dəyişir. Artıq 4 ildir ki, Rusiya–Ukrayna müharibəsi davam edir və bu müharibə Rusiyanı həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan ciddi şəkildə zəiflədib və Azərbaycanın qarşısında yeni imkanlar açıb. İran isə son bir neçə il ərzində regionda mövqelərini itirməyə başlayıb. ABŞ və İsraillə yaşadığı gərginliklər və qarşıdurmalar onu həm iqtisadi, həm də siyasi baxımdan zəiflədib və ilkin nəticələrinin necə olacağı hələ də qeyri-müəyyəndir. Bu vəziyyət də Azərbaycan üçün regionda əlverişli imkanlar yaradır".
Bu adama hələ də çatmır ki, Azərbaycan böyük Zəfərdən sonra artıq əlverişli mövqeyini qoruyub və regionda ədalətli Sülhün bərqarar olunması üçün çalışır.
Digər tərəfdən, hamı üçün bəlli olan məsələləri demək üçün professor olmaq lazımdır? "Qeyri müəyyən", “indidən demək olmaz” kimi anlayışlar Ramiz Yunus tipli siyasətçilər üçün açar anlayışlardır.
Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı ixtisasca riyaziyyatçıdır. Ancaq son dövrlərdəki fəaliyyətindən açıq hiss olunur ki, siyasətə yaman meyillənir..."










