Azeri Light markalı neftin qiymətinin 128 dollara yüksəlməsi diqqət çəkir. Ekspertlər bu artımın əsas səbəblərini qlobal və regional amillərlə izah edir.
Referans Media-ya açıqlama verən iqtisadçı ekspert Vüqar Oruc bildirib ki, qiymət artımı əsasən geosiyasi amillərlə bağlıdır. Onun sözlərinə görə, Yaxın Şərqdə İran, İsrail və ABŞ arasında gərginliyin davam etməsi, müharibə riskləri və ümumi qlobal geosiyasi gərginlik neft qiymətlərinə birbaşa təsir göstərir.
Ekspert qeyd edib ki, qiymət artımına təsir edən digər mühüm amillərdən biri də OPEC üzvü olan ölkələrin və tərəfdaşlarının hasilatı məhdudlaşdırmasıdır. Bazarda tələb artdıqda və təklif azaldıqda qiymətlərin yüksəlməsi qaçılmaz olur. Bununla yanaşı, Çin, Hindistan və ABŞ kimi böyük iqtisadiyyatlarda enerji tələbatının yüksək olaraq qalması, pandemiyadan sonra qlobal iqtisadi aktivliyin davam etməsi də neftə olan tələbatı artırır.
Vüqar Oruc əlavə edib ki, geosiyasi risklər nəqliyyat və logistika xərclərini də artırır ki, bu da qiymətlərə təsir göstərir. Eyni zamanda “Azeri Light” neftinin yüngül və keyfiyyətli olması, yəni premium seqmentə aid edilməsi onun bazarda daha yüksək qiymətlə təklif olunmasına səbəb olur.
Ekspertin sözlərinə görə, ümumilikdə müharibələr, geosiyasi risklər, bazarda təklifin azalması və böyük iqtisadiyyatların artan enerji tələbatı neft qiymətlərinin yüksəlməsini şərtləndirən əsas faktorlar sırasındadır.
Qiymət artımının Azərbaycan iqtisadiyyatına təsirinə toxunan ekspert bildirib ki, bu halda Dövlət Neft Fondunun gəlirləri artır, inflyasiya və devalvasiya riskləri azalır. Dövlətin valyuta ehtiyatlarının artması iqtisadi təhlükəsizlik “yastığını” möhkəmləndirir.
Onun fikrincə, neft gəlirlərinin artması büdcədə profisit yarada bilər və bu da ölkə iqtisadiyyatına müsbət təsir edir. Eyni zamanda, artan gəlirlər sosial xərclərin genişlənməsinə, infrastruktur layihələrinin həm Bakıda, həm də regionlarda icrasına əlavə imkanlar yaradır.
Ekspert vurğulayıb ki, bu proses xüsusilə işğaldan azad olunmuş Qarabağ ərazilərində bərpa və yenidənqurma layihələrinin genişlənməsinə və şaxələndirilməsinə müsbət təsir göstərə bilər.









