Ruben Vardanyan məhkəmədə Füzulini, Hüseyn Cavidi oxuduğunu deyir, klassik poeziya fonunda özünə mədəni və humanist çalar qatmağa çalışır. Amma eyni zamanda ailəsinə yazdığı məktubda “Artsax yaşayır, yaşayacaq” ifadəsini işlədərək siyasi mövqeyini açıq şəkildə ortaya qoyur. Bir tərəfdə Cavidin faciəvi taleyi və milli düşüncə irsi, digər tərəfdə isə hələ də reallıqla barışmaq istəməyən separatçı ritorika. Ədəbiyyat burada düşüncə dəyişikliyi yox, sadəcə imic alətinə çevrilir. Çünki şeir oxumaqla siyasi məsuliyyət arasında ciddi bir məsafə olduğu görünür.
- Separatçı ritorikaya sahib birinin ekstradisiyası mümkünmü görəsən?
Bizimyol.info xəbər portalının təsisçisi, əməkdar jurnalist Bahəddin Həzi deyir ki, Ruben Vardanyanla bağlı məsələ aydındır: “Azərbaycan dövlət təhlükəsizlik orqanları onu 2023-cü ildə həbsə alıb və hazırda mühakimə edir. Vardanyan çox ağır cinayətlərdə - terroçuluğu maliyyələşdirməkdə, qanunsuz silahlı birləşmələrin yaradılmasında, sülh və insanlığa qarşı cinayətlərdə və sair ittiham olunur. Onun ömürlük azadlıqdan məhrum olunacağı ehtimal edilir. Hələ onun barəsində hökm çıxarılmayıb, odur ki, ekstradisiyadan danışmaq tezdir.
Əməkdar jurnalist hesab edir ki, ekstradisiya üçün adətən əsaslar və şərtlər olur, bu vəziyyətdə bunlar da yoxdur.
“Vardanyan Qarabağa nə üçün gəlmişdi? Oradan Ermənistan siyasətinə transfer olub, hakimiyyətə gəlmək üçün. Təbii ki, Rusiyanın dəstəyi ilə. O, həm Ermənistanın, həm də Rusiyanın vətəndaşıdır. Ermənistanda hakimiyyətə gəlmək onun, sadəcə, şəxsi arzusu deyildi, onun üzərindən Rusiyanın qurduğu plan idi. Rusiya Ramiz Mehdiyev üzərindən Azərbaycanda hakimiyyəti ələ keçirmək planını necə qurmuşdusa, Vardanyan üzərindən də Ermənistan üçün eyni siyasi planlama aparmışdı. Hər iki planı Azərbaycan pozdu. Bu baxımdan, Ruben Vardanyanın Ermənistana, yaxud Rusiyaya ekstradisiya olunması, şəxsən mənə inandırıcı görünmür. Əvvəla, Vardanyanın törətdiyi cinayətlər göz qabağındadır: asanlıqla sübuta yetirilir. Bu cür ağır cinayətlərə adekvat cəza olmalıdır. Bunlar bir ölkəyə, təkcə bir xalqa qarşı deyil, bəşəriyyət əleyhinə cinayətlərdir, adekvat cəzası verilməsə, dünyanın müxtəlif yerlərində yeni Vardanyanların yetişməsi üçün stimul olar. Azərbaycan hakimiyyəti də, dünyanın sağlam düşüncəli başqa siyasətçiləri də bu fikirdədir. İkincisi, Azərbaycanla Ermənistan arasındakı sülhə artıq ABŞ birbaşa dəstək verir. Avropa İttifaqı, Böyük Britaniya və Çin də bu sülhdə maraqlıdırlar. Rusiyadan başqa hamı. Ona görə də Azərbaycan-Ermənistan sülh gündəliyinə birbaşa və açıq dəstək verən ABŞ-a və sair güclərə Rusiyanın Ermənistandakı seçkilərə hər hansı formada müdaxiləsi sərfəli deyil”-deyən Bahəddin Həzi bildirib ki, bölgədən Rusiyanı çıxarmaq istəyən güclər Rusiyanın Ermənistanda oyuncaq rejim qurub sülh prosesini bloklamasına razı olmayacaqlar.
Bahəddin Həzinin fikrincə, buna ən birinci Azərbaycan və təbii ki, Ermənistanın indiki hakimiyyəti də razı olmaz: “Ermənistan cəmiyyətində çoxluq artıq Köçəryan, Sarqsyan, eləcə də, Vardanyan kimi siyasətçiləri iqnor edir. Görünən budur. Əlbəttə, Ermənistanın və başqa ölkələrin hüquq müdafiəçiləri, müəyyən siyasətçilər, hətta dövlət və hökumət təmsilçiləri ara-sıra onu xatırlayacaq, hətta həbsdən buraxılmasını istəyəcək. Ancaq bu, heç nəyi dəyişmir. Vardanyanın "Artsax yaşayır və yaşayacaq" deməsinə, vaxtilə dünyanın az qala yarısında deyirdilər: "Lenin yaşayır, Lenin yaşayacaq". Ancaq Moskvada hamı gedib, Mavzoleydə baxıb görürdü ki, Lenin yaşamır və yaşamayacaq”.
“Əgər Ruben Vardanyan Nizami Gəncəvi və Hüseyn Cavid kimi bəşəri səviyyəli humanistlərin əsərlərini oxuyandan sonra da, müharibə, qan, xaos arzulayırsa, görünür, o əsərləri səthi oxuyub, onların daşıdığı ideyaları anlamayıb. Hüseyn Cavidin "İblis"ini oxusaydı, məhkəmədə öz günahlarını etiraf edib, kəsiləcək cəzaya razı olardı. Məncə, o, adını çəkməsə də, Mirzə Cəlilin "Bəlkə də qaytardılar" hekayəsini oxuyub”-deyə Bahəddin Həzi vurğulayıb.










