Son günlər Azərbaycanın Ermənistanla mümkün sülh sazişinin hərbi xidmət müddətinə təsir edəcəyi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
Hərbi ekspert Üzeyir Cəfərov Referans Mediaya açıqlamasında bildirib ki, Azərbaycanın Ermənistanla sülh sazişi imzalayıb-imzalamaması hərbi xidmət müddətinə heç bir təsir göstərmir və göstərə də bilməz. Onun sözlərinə görə, bu məsələ son dövrlər süni şəkildə gündəmə gətirilən mövzulardan biridir.
Ekspert qeyd edib ki, sülh sazişinin imzalanmaması fonunda hərbi xidmət yaşının 35-dən 30-a endirilməsi və ya ali təhsilli zabitlər üçün xidmət müddətinin 1 il 6 aydan 1 ilə salınması barədə səsləndirilən fikirlər bir-biri ilə əlaqəli deyil:
“Bunlar tamamilə ayrı-ayrı mövzulardır və birini digərinə bağlamaq doğru yanaşma deyil”.
Üzeyir Cəfərov vurğulayıb ki, hazırda hərbi sahədə qəbul edilməli olan əsas qanunlardan biri alternativ xidmət haqqında qanundur. Onun sözlərinə görə, Ermənistanla sülh sazişi bəlkə də xeyli müddət sonra imzalana bilər, lakin bu proses daxili hərbi islahatları ləngitməməlidir.
Hərbi ekspert bildirib ki, hərbi xidmət müddətinin azaldılması ilə bağlı bir sıra sosial məsələlər aktual olaraq qalır: “Tək oğul olanlar, şəhid övladları və digər həssas kateqoriyalarla bağlı qanunvericilikdə dəyişikliklər vacibdir. Mən şəxsən xidmət müddətinin azaldılmasının tərəfdarıyam”.
Ü.Cəfərov əlavə edib ki, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması ilə bağlı tapşırıq hələ ötən il verilib və bu iş artıq icra olunmalı idi. Onun fikrincə, Türkiyədə tətbiq olunan hərbi model Azərbaycanda da çoxdan həyata keçirilə bilərdi.
“Biz qardaş Türkiyə ilə ‘bir millət, iki dövlət’ prinsipi ilə hərəkət ediriksə, müasir türk cəmiyyətində tətbiq olunan mexanizmləri də öz sistemimizdə tətbiq etməliyik. Burada əsas problem bəzi sahələrdə müşahidə olunan bürokratik lənglikdir”, – deyə ekspert qeyd edib.
Üzeyir Cəfərovun fikrincə, sülh sazişinin nə vaxt imzalanacağından asılı olmayaraq, hərbi sahədə daxili islahatlar gecikdirilməməlidir. Ekspert alternativ xidmət haqqında qanunun qəbulunu, sosial həssas qruplarla bağlı dəyişiklikləri və Türkiyə modelinə uyğun hərbi sistemin tətbiqini vacib hesab edir.









