"Ermənistandakı Konstitusiyaya dəyişikliklərlə bağlı gözlənilən referendum və seçkilər bölgədə sülh və əmin-amanlığın bərqərar olması, inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Ermənistan parlamentinin spikeri Alen Simonyan seçkilərin 2026-cı ilin iyun ayında baş tutacağını açıqlamışdı. Vitse-spiker Ruben Rubinyan isə seçkilərin bu ilin dekabrında, hətta sentyabrda keçiriləcəyini açıqlayır. Əgər Ermənistan xarici siyasət strategiyasında revizyonist (ərazisini, digər ölkələrin suveren ərazisi hesabına genişləndirmə) siyasətindən uzaqlaşıb 11-ci maddədə Türkiyə və Azərbaycana qarşı ərazi iddiasından əl çəkməkdə qərarlıdırsa, o zaman Ermənistanla Yekun Sülh Sazişinin tez imzalanmasının mümkünlüyü haqda danışmaq olar. Türkiyə xarici işlər naziri, hörmətli Hakan Fidanın açıqlamalarında dediyi kimi gələni ilin birinci yarısında da, Ermənistandakı referendumla seçkinin eyni vaxtda keçirilməsi də mümkün ola bilər”.
Bu fikirləri Moderator.az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, siyasi fənlər üzrə fəlsəfə doktoru Pərviz Səmədov ifadə edib.
“Əgər Ermənistandakı radikal qüvvələr ciddi bir şəkildə baş qaldırarsa, bu gedişat şərtləri dəyişə bilər. Həmin dövrdə dünyada hansı hadisələrin cərəyan edəcəyi, daxili və xarici siyasətin, beynəlxalq şərt və şəraitin də gedişatı şəkilləndirəcək. Ona görə ki, Ermənistan Konstitusiyasının 11-ci maddəsində təkcə Azərbaycana yox, həm də Türkiyəyə qarşı torpaq iddiası mövcuddur. Ermənistan Konstitusiyaya dəyişikliklər etməsə, Azərbaycan Ermənistana qarşı təzminat məsələsində ciddi addımlar ata bilər. Bunun hüquqi dayaqları ortadadır. Məşhur Louzidi davasına baxsaq, ermənilərin nələrlə qarşı-qarşıya qalacaqları məlum olur. Bu dediklərim bir növ Allah əmridir. Yan dəmiri ilə desək, “Dəmir yumruq” istəyirlərsə, yəni Azərbaycanın təzminat istəyində olmaması qarşısında Ermənistan bu xoş niyyəti anlamasa, o zaman bir şeyi unutmasınlar ki, 44 günlük müharibədə Azərbaycandan 1 nəfər də olsun fərari çıxmadı, Ermənistandan isə on bir min fərari çıxdığı aşikardır. Deməli, 11-ci maddə dəyişməsə, nəinki 11.000 nəfər, bu dəfə bütöv Ermənistan fərariyə çevriləcək”, - deyə Pərviz Səmədov vurğulayıb.