Əhədova Şəlalə bildirir ki, “Cars313” lizinq şirkətinin nümayəndələri gecikmiş ödənişə görə evinə gələrək onu alçaldıb, “sən təmiz adam deyilsən” deyə təhqir ediblər və hüquq-mühafizə orqanlarında “tanışları” olduğunu söyləyərək təzyiq göstəriblər.
“Azərbaycan Reallığı”na müraciət edən Əhədova Şəlalə bildirir ki, bu ilin mart ayında “Cars313” lizinq şirkətindən ilkin ödəniş 5 000 AZN olmaqla, aylıq 1 200 AZN ödəmə şərti ilə bir illik Hyundai Grandeur markalı avtomobil götürüb. Lakin işində yaranmış çətinliklər səbəbilə o, ödənişdə iki aylıq gecikmə edib. Müştəri lizinq şirkətinə vəziyyəti izah edərək anlayış göstərilməsini istəsə də, qarşı tərəf buna razı olmayıb və hər gecikmə günü üçün 100 AZN cərimə tətbiq olunacağını bildirib.
Şəlalə iddia edir ki, cərimənin məbləği ilə bağlı etirazını bildirəndən sonra şirkət onunla bütün əlaqəni kəsib – nə zəng edib, nə də axtarış aparıb. Bir müddət sonra isə avtomobildə texniki problem yaranıb və o, maşını ustaya aparmalı olub. Həmin gün evinin qapısı döyülüb və iki nəfər yüksək səslə danışaraq, “krediti ödəmədiyinə görə” avtomobili götürməyə gəldiklərini deyiblər.
Şirkət nümayəndələri Şəlaləyə beş gün gecikdiyini və buna görə 1 200 AZN ödəməklə yanaşı, əlavə 500 AZN də verməli olduğunu bildiriblər. Müştəri isə cərimənin yalnız bir günlük – 100 AZN olduğunu deyib. Bu zaman onlardan biri Şəlaləyə hədə-qorxu gələrək hüquq-mühafizə orqanlarında tanışlarının olduğunu bildirib.
Şəhid qızı olduğunu xatırladan Şəlalə, onlardan yüksək tonla danışmamağı xahiş etsə də, qarşı tərəf onu təhqir edərək, “sən təmiz adam deyilsən, təmiz olsan krediti ödəyərsən” kimi ifadələrlə nüfuzuna xələl gətirməyə çalışıb.
Şəlalə hesab edir ki, avtomobilin axtarılması, evində səs-küy salınması və təhqir olunması qanunsuzdur. O, şəxsi nüfuzuna toxunulduğunu bildirərək, məsələ ilə bağlı müvafiq qurumların tədbir görməsini tələb edir.
“Azərbaycan Reallığı”