12-20 avqust tarixlərində Ermənistanda “Eagle Partner - 2025" adı altında Ermənistan-ABŞ hərbi təlimləri keçiriləcək. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, təlimlərdə Ermənistanın sülhməramlı briqadasının şəxsi heyəti, habelə ABŞ Quru Qoşunlarının Avropa və Afrikadakı briqadalı və Kanzasda yerləşən Milli Qvardiyanın hərbçiləri iştirak edəcək.
Manevrlərdə sülhməramlı tapşırıqların icrası, o cümlədən tibbi təxliyənin təşkili kimi manevrlər icra olunacaq. Təlimlərdə əsas məqsədin sülhməramlı əməliyyatlara qatılan bölüklərin birgə fəaliyyətinin təşkili, idarəetmə və taktiki kommunikasiya sahəsində təcrübə mübadiləsi, eləcə də Ermənistanın sülhməramlılarının hazırlıq səviyyəsinin artırılması olduğu açıqlanıb.
Xatırladaq ki, 2023-cü ildə də eyni təlimlər keçirilib. ABŞ və Ermənistan arasında Cozef Bayden administrasiyasının səlahiyyətlərinin bitməsinə 5 gün qalmış - Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Razılaşmaya görə, Ermənistan və ABŞ il ərzində müdafiə sahəsində ikitərəfli məsləhətləşmələri başlatmaq və Ermənistan ordusuna peşəkar hərbi təlimlər daxil olmaqla, müdafiə və təhlükəsizlik proqramlarının əhatə dairəsini genişləndirməyi planlaşdırır.
Tərəflər Ermənistanın Avroatlantik qurumlara inteqrasiyasını dərinləşdirmək və Ermənistanın müdafiəsini gücləndirmək üçün təhlükəsizlik sahəsində əməkdaşlıq və islahat proqramlarını genişləndirməyi planlaşdırır. ABŞ Ermənistan sərhəd qoşunlarının potensialını gücləndirmək üçün daxili işlər və daxili təhlükəsizliyin təmin edilməsinə cavabdeh olan bütün hüquq-mühafizə qüvvələrinin təlimi və islahatlarına dəstək vermək niyyətindədir. Xartiyaya əsasən, ABŞ Ermənistanın sərhəd təhlükəsizliyinin potensialını, təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək və “Eagle Partner” təlimləri vasitəsilə sülhməramlı qüvvələrin potensialını artırmaq üçün Ermənistana gömrük və sərhəd patrul komandası göndərməlidir.
Göründüyü kimi, bu sazişin icrası Tramp administrasiyası dönəmində 6 ay gecikdi. Lakin artıq xartiyadan irəli gələrək təlimlər başlanır. Sadəcə, hələ də amerikalı gömrükü və sərhədçi patrul xidməti Ermənistana göndərilməyib.
Maraqlıdır ki, təlimlərə Rusiya və İrandan reaksiya yoxdur. Tehran üçüncü qüvvənin regiona yerləşməsini təhlükə adlandırır. Üstəlik, Ermənistanın təhlükəsizliyini öz məsələsi sayır.
Bəs elə az əvvəl onun üç nüvə bazasını bombalayan Trampın Ermənistana ordu göndərməsinə İran niyə susur? Rusiya da seyrçi mövqedədir. Azərbaycana demədikləri qalmayan rusiyalı siyasətçilər, Kreml ABŞ ordusunun KTMT üzvü olan ölkəyə gəlişinə seyrçi qalmaqdadır.
Bu təlimlərin məqsədi nədir? Ermənistan KTMT-dən tezliklə de-yure çıxa bilərmi?
Siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə, ABŞ və erməni hərbçilərinin hazırkı təlimi iki ildən bir keçirilməsi nəzərdə tutulan rutin təlimlərdəndir: “Erməni hərbçilər bu təlimlərdə on beş ilə yaxındır ki, iştirak edirlər. Əvvəllər bu kimi təlimlər daha çox NATO bayrağı altında və daha çox Gürcüstanda baş tuturdu. Birləşmiş Ştatlarla Ermənistan arasında imzalanan məlum xartiyadan sonra bu tipli hərbi-didaktik təlimlər Ermənistanda gerçəkləşəcək. Dediyim kimi, budəfəki təlimlər daha çox hərbi-didaktik, təcrübələrin bölüşülməsi xarakterini daşıyır. Ona görə də arxasında hər hansı ciddi siyasi mesajın olduğunu düşünmürəm. Fikrimcə, Moskva və Tehranın budəfəki ABŞ-Ermənistan yaxınlaşmasına səssiz qalmasına səbəb də məhz budur”.
Onun fikrincə, görünür, İrəvan həm Tehranı, həm də Moskvanı bu məsələ ilə bağlı öncədən məlumatlandırıb: “Digər maraqlı məqam ondan ibarətdir ki, həmişə bu kimi təlimlərdən sonra ABŞ Rusiyaya qarşı daha kəskin siyasi həmlələr gerçəkləşdirir. Görünən odur ki, Ermənistanla bu kimi təlimlər indiyə yox, gələcəyə hesablanmış addımdır. Yəni gələcəkdə Gümrü bazası əl dəyişdirə və Rusiya hərbçilərinin yerini amerikalılar tuta bilər”.
Hərbi icmalçı Səxavət Məmməd isə yaxın zamanlarda regionda gərginliyin artacağını düşünür: “Ermənistan, xüsusilə 44 günlük müharibə nəticəsindəki məğlubiyyəti özündən daha çox Rusiyada axtarır. Ermənistan məğlubiyyətdən dərhal sonra üzünü Rusiyadan Qərbə çevirdi. Fransa ilə əvvəldən də olan əməkdaşlıq daha da sıxlaşdırıldı, Avropa İttifaqının mülki missiyası Ermənistana yerləşdi. Silah alışında da Ermənistan Qərb və Hindistan istehsalına üstünlük verdi. Faktiki olaraq Rusiyanın arxa baxçası kimi gördüyü Cənubi Qafqaza Paşinyan hakimiyyəti kənar gücləri gətirdi.
Rusiya və İranın əsas rəqibi ABŞ-dır. Ermənistan Rusiyanın başını çəkdiyi KTMT-nin üzvü olduğu halda, ABŞ-la Strateji Tərəfdaşlıq Xartiyası imzaladı. Bundan əlavə, ABŞ ordusu ilə Ermənistan ordusu artıq üçüncü dəfə olacaq ki, hərbi təlimlər keçəcəklər. Təbii ki, bu təlimlər sülhməramlı fəaliyyət adı altında keçirilməlidir. Düşünürəm ki, “sülhməramlı” ifadəsi, sadəcə olaraq, Ermənistanın özünü Rusiya və İrandan sığorta etməsi üçün bir çətirdir. ABŞ ordusu ilə Ermənistanın hərbi təlimlər keçməsinə İran və Rusiya səssiz kimi görünsələr də, əslində, hər iki dövlətin reaksiya verəcəyi gözləniləndir. Rusiya konkret olaraq Ermənistandakı hərbi bazanın gücünü 50-60 faizdən 100 faizə çıxarmaq üçün addımlar atır. İran isə fərqindədir ki, Ermənistan region üçün də, elə İran üçün də təhlükədir. Ermənistanın ərazisi kiçik olsa da, orada Rusiyanın hərbi bazası var, bundan əlavə, mülki missiya adı altında Avropa İttifaqı və ABŞ mövcuddur. Bir ölkənin ərazisində bir-birinə daban-dabana zidd ölkələrin hərbi varlığı mütləq şəkildə ağır nəticələr verməlidir".
“Yeni Müsavat”