“Rusiyanın Ermənistanın Goümrü şəhərindəki 102 hərbi bazasında hərbi qüvvə toplanması regionda gərginlik yaradır. Ehtimallara görə, bu, hər iki respublikanın müəyyən qədər gözünün qorxudulması və onların təsiri altına salınması mahiyyəti daşıyır. Çünki artıq bu gün Ermənistan Avropaya meyillidir, Rusiya ilə əlaqələri daimi zəiflətməyə çalışır və son aylarda Azərbaycan-Rusiya münasibətlərində müəyyən gərginliklər yaranıb”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Tahir Rzayev danışıb. Deputat qeyd edib ki, Rusiyanın Gümrüdəki hərbi bazası Ermənistanı təsir altına almaq və onu müəyyən qaydada Avropadan neytrallaşdırmaq üçündür.
Deputatın fikrincə, Rusiya indiki şəraitdə Azərbaycanla müharibəyə getməz: “Ukrayna ilə dörd illik müharibə artıq xeyli dərəcədə zəiflədib, onun iqtisadiyyatına, mənəvi həyatına özünün çox güclü təsirini göstərib. Bu gün iqtisadi, hərbi cəhətdən xeyli zəif vəziyyətdədir. Ancaq daimi olaraq, Rusiya Cənubi Qafqazda öz mənafelərini qoruyub və bu gün də bu mövqeyi əldən vermək istəmir. Ona görə də bu münasibətlərin zəifləməsi nəticəsində Gümrüyə hərbi qüvvələrin toplanması Azərbaycanı da bir növ təsir altına almaq məqsədi daşıyır. Ancaq bilmək lazımdır ki, Azərbaycan iqtisadi cəhətdən güclüdür və mübariz orduya malikdir. Xalq birliyi özünü 44 günlük müharibədə və 23 saatlıq lokal antiterror tədbirlərində göstərdi. Belə bir vəziyyətdə Rusiyanın Cənubi Qafqazda müharibə başlatmaq imkanları məhduddur.
Gördüyümüz kimi, Rusiya ittifaqın keçmiş respublikalarını daimi öz təsiri altında saxlamaq fikrindədir və bu məqsədi həyata keçirmək üçün daimi olaraq, münasibətlərdə gərginlik yaradır. Azərbaycanla münasibətdə də bunu bir daha göstərir”.
Deputat bildirib ki, Rusiya bu gün ittifaqın keçmiş respublikalarına özünün bir kiçik dövləti kimi baxır və belə bir fikirdədir ki, bu dövlətlər müstəqil siyasət yürüdə bilməz, müəyyən məsələlərdə mütləq Rusiya ilə məsləhətləşmələrə getməlidir, Rusiyanın dediyi ilə hərəkət etməlidir: “Azərbaycan bu fikirdən tamamilə kənardadır. Azərbaycan Prezidenti müstəqil və balanslaşmış siyasəti əldə tutur, nəinki qonşu dövlətlərlə, eləcə də digər dövlətlərlə də daimi əməkdaşlıq, qarşılıqlı dostluq münasibətlərinə üstünlük verir və bunu əməli işlə həyata keçirir”.