Amerika Birləşmiş Ştatları 150-ə yaxın kiçik ölkədən idxal olunan mallara 10-15 faiz civarında gömrük rüsumu tətbiq etməyi planlaşdırır.
Bunu Ağ Ev rəhbəri Donald Tramp “Real America” telekanalına müsahibəsində deyib. Tramp bildirib:
“Biz yerdə qalan 150 kiçik ölkə üçün eyni rüsumları tətbiq edəcəyik. Bu, yəqin ki, 10 faiz və ya 15 faiz olacaq. Hələ bunu tam qərarlaşdırmamışıq”.
Qeyd edilir ki, buna qədər Tramp anti-Amerika siyasətini dəstəkləyən dövlətlərə qarşı əlavə 10 faizlik gömrük rüsumunun tətbiq olunacağını bəyan etmişdi. Qeyd edək ki, Azərbaycan da Amerikaya müəyyən məhsullar ixrac edir.
Azərbaycanın ABŞ-yə ixrac etdiyi məhsullar geniş çeşidliliyi ilə diqqət çəkir. Metal sənayesindən kənd təsərrüfatına, yüksək texnologiyalı avadanlıqlardan gündəlik istehlak mallarına qədər müxtəlif kateqoriyalara aid məhsullar ABŞ-yə göndərilir.
2024-cü il ərzində ABŞ-yə ixrac olunan məhsulların dəyəri 135 milyon 30 850 dollar təşkil edib. Xüsusilə alüminium ərintiləri, ferrosilisium, polimerlər və kənd təsərrüfatı texnikasının ehtiyat hissələri kimi sənaye malları ixracda mühüm yer tutur. Ağ Evin yeni qərarı 10-15 faizlik gömrük rüsumunun tətbiqi Azərbaycan üçün problem yaradacaqmı?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, onsuz da Azərbaycan və digər ölkələrə qarşı 10 faizlik rüsum tətbiq olunub:
“Sadəcə siyahıdan kənarda qalan ölkələr var idi. Söhbət yəin ki, bəzi Latın Amerikası, Afrika ölkələrindən gedir. Ümumilikdə 10 faiz rüsum o qədər də təhlükəli deyil. Onsuz da Azərbaycanın Amerikaya ixracı o qədər də böyük rəqəmlərlə ifadə olunmur”.