Azərbaycan qanunvericiliyinə görə, gəlir əldə edən hər bir şəxs vergiyə cəlb olunur. Lakin vergi rəsmi şəkildə işləyən, gəlir əldə edən şəxslərə aid edilir. Ölkədə elə fəaliyyət növləri var ki, orada gəliri və ya gəlirin məbləğini sübut etmək çətin olur. Buna toy, nişan, ad günü və bu kimi məclislərdə çıxış edərək qazanc əldə edən müğənni və musiqiçiləri aid edə bilərik. Çünki müğənniyə verilən pul adətən nağd və ya bəxşiş şəklində verilir.
Bəzi ifaçılar dəfələrlə mətbuata toyda bir saat iştirak etmək üçün konkret rəqəmlər açıqlayıblar. Bu rəqəmlər heç də az deyil. “Toy qiyməti” kimi adlanan gəlirə görə vergi verib vermədikləri isə məlum deyil.
Bizim.Media olaraq müğənnilərin hansı formada vergiyə cəlb olunması, ümumiyyətlə, cəlb olunması haqqında Dövlət Vergi Xidmətinə sorğu ünvanlamışıq. Lakin sorğumuza cavab gəlməyib.
Mövzu barədə Bizim.Media-ya danışan iqtisadçı Xalid Kərimli deyib ki, onlar da adi qaydada VÖEN alıb vergi ödəməlidirlər:
“Əgər muzdlu işləməyən şəxs varsa, bu formada qazanc əldə edirsə, vergi məcəlləsinə görə, həmin şəxslər gedib uçotda durmalı, VÖEN almalı və qazandığı puldan adi sahibkar kimi vergi ödəməlidirlər. Hüquqi rejim fərqli ola bilər, əgər şəxs istəsə, mikro hüquqi şəxs kimi də qeydiyyatdan keçə bilər. Məsələn, prodüseri varsa, o zaman bir dənə kiçik MMC aça bilər, gəlirləri ora transfer edə bilər.
Həmin şəxslər birmənalı olaraq vergi ödəməlidirlər. VÖEN-in tələblərinə uyğun olaraq əgər fiziki şəxs kimi VÖEN alıblarsa, hesabatlarını təqdim etməlidirlər və qazanclarına uyğun da vergi ödəməlidirlər.
Onlar sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarına görə, fiziki şəxslər gəlirlərindən 20 faiz vergi ödəyə bilərlər. Amma hüquqi şəxs kimi seçsələr, mikro sahibkar olsalar başqa cür vergi ödəyə bilərlər”.
Ekspert bildirib ki, müğənnilərin məclislərdə oxuyaraq pul qazanması sahibkarlıq fəaliyyətidir:
“Heç bir böyük şirkət və holdinqlərdən fərqi yoxdur. Onlar da VÖEN almalı, vergi ödəməlidirlər. Qanunvericilik bunu onlar qarşısında məcburi hal kimi qoyur. Vergidən yayınmağın da ciddi baş ağrıları ola bilər. Vergidən yayınmalar məlum olsa, yəni dövlət bunu müəyyənləşdirsə, yayındıqları məbləğin 50 faizi qədər cərimə olunacaqlar. Gecikdirilən məbləğin 10 faizi qədərini də günlük dəbbə pulu ödəyə bilərlər. Kütləvi şəkildə büdcədən yayınma varsa, hətta məsələ cinayət məcəlləsinə qədər gedib çıxa bilər”.