Məlum olduğu kimi Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə sülh prosesindən danışıb. Baş nazir vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülhün bərqərar olması realdır. Paşinyanın sözlərinə görə, Ermənistan hökuməti sülh gündəmini həyata keçirməkdə qərarlıdır. Həmçinin, baş nazir vurğulayıb ki, Ermənistan sülhün lehinə addımlar atmağa hazırdır.
O, hətta mümkün təxribatlar qarşısında belə iki ölkə arasında yeni müharibənin olmayacağına əminliyini ifadə edib. Baş nazir əlavə edib ki, əgər Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiq etməzsə, Ermənistanın əsas qanununa dəyişiklik edilməsi təşəbbüsü ilə şəxsən çıxış edəcək. Paşinyan onu da qeyd edib ki, Ermənistan kommunikasiyaların açılması ilə bağlı Azərbaycana konkret təkliflər verib.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Baş nazir Nikol Paşinyan "Avropa Siyasi Birliyi"nin gələn ilin yazında İrəvandakı sammitinə qədər sülh sazişini imzalamaq istəyir. Ekspertin sözlərinə görə, bununla Paşinyan iki məqsəd güdə bilər:
"Birincisi, sülh sazişi Avropa liderlərinin İrəvandakı toplantısına qədər imzalanarsa, Paşinyan parlament seçkisi öncəsi reytinqini gücləndirmiş olacaq. Bu, onun üçün həyati əhəmiyyətlidir. İkincisi, Azərbaycanla sülh sazişi zirvə toplantısına qədər imzalanarsa, Prezident İlham Əliyevin İrəvandakı toplantıda iştirakına heç nə mane olmayacaq. Dövlət başçısı İlham Əliyevin İrəvandakı tədbirdə iştirakı Avropa İttifaqı üçün arzuolunandır. Bu səbəbdən Nikol Paşinyan da ölkə rəhbəri İlham Əliyevin İrəvandakı tədbirdə iştirakını istəyir. Prezidentin İrəvandakı tədbirdə iştirakı öz növbəsində Nikol Paşinyanın da "Avropa Siyasi Birliyi"nin Bakıdakı tədbirində iştirakına yolunu açacaq. Buna baxmayaraq, Paşinyanın istəyinin reallaşması, yəni Azərbaycanla sülh sazişinin "Avropa Siyasi Birliyi"nin İrəvandakı toplantısına qədər imzalanması üçün Ermənistan Konstitusiyası bu il ərzində dəyişdirilməlidir. Paşinyan buna eyham vurdu, amma konkret olaraq Konstitusiyanın sülh sazişinə qədər dəyişəcəyini söyləmədi. Paşinyan sülh sazişi imzalanan gün Minsk qrupunun buraxılması məqsədilə Azərbaycanla birgə ATƏT-ə müraciət edəcəyini də deyib. Görünür, onun bu açıqlamalarının arxasında mayın 16-da "Avropa Siyasi Birliyi"nin Tiranadakı toplantısında Prezident İlham Əliyevlə müzakirəsinin də təsiri olub. Qalır, bu deyilənləri reallaşdırmaq. Paşinyan sülh sazişini imzalamaq istəyirsə, sürətini artırmalı, il ərzində Konstitusiyaya ya referendum yolu ilə, ya da parlamentdə əncam çəkməlidir".