Bu gün - 28 May Müstəqillik Günü Azərbaycan, Türkiyə və Pakistan liderləri Laçın aeroportunun açılışını edəcək. “Yeni Müsavat” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif işğaldan azad edilmiş ərazilərdə sayca 3-cü olan Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcəklər.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021 və 2022-ci illərdə müvafiq olaraq Füzuli və Zəngilan aeroportlarının açılış mərasimlərində də iştirak edib. Laçın Beynəlxalq Hava Limanının təməli 2021-ci ildə qoyulub. Azərbaycan Prezidenti mayın 27-də Laçın kanat yolunun təməlini qoyub.
Onu da bildirək ki, Şahbaz Şərif mayın 27-də Azərbaycana gəlib. Laçın Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Pakistanın Baş nazirini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar.
Liderlərin Laçına səfəri tarixi bir vaxta təsadüf edir. Cümhuriyyətin 107-ci ili, Müstəqillik Günü üç qardaş dövlətin prezidentləri Laçından dünyaya mühüm mesajlar verəcək. Təbii ki, bu bəyanatlar sülh istiqamətində olacaq - özü də Ermənistanla sərhəddə. Bu baxımdan bu gün dünya mediası liderlərin Laçın səfərini və orada səslənən bəyanatları izləyəcək.
Son illər Azərbaycan, Türkiyə və Pakistan arasında siyasi-iqtisadi, hərbi sahələrdə müttəfiqlik daha da güclənib. Üç dövlət arasında strateji əməkdaşlıq bölgədə yeni siyasi və hərbi balansların yaranmasına zəmin yaradır. Elə mayın 25-də Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyədə səfərdə olub. Bunun ardınca Azərbaycana səfər əməkdaşlığın daha da dərinləşməsinə səbəb olacaq. Bundan başqa, üç ölkə birgə hərbi təlimlər keçirir. Yəni münasibətlərin inkişafı müxtəlif müstəvilərdə müşahidə olunur.
Beləliklə, yeni iqtisadi-siyasi münasibətlərin formalaşdığı hazırki zamanda üç dövlətin maraqlarını bir daha uzlaşdırması, münasibətlərin fərqli konturlar üzrə təmərküzləşdirilməsi vacib şərt kimi meydana çıxır. Nümayiş etdirilən Türkiyə, Pakistan və Azərbaycanın strateji müttəfiqliyi regional inkişafın yeni mərhələsində aparıcı güc mərkəzi kimi çıxış edir.
Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq son illərdə yeni keyfiyyət mərhələsinə qədəm qoyaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əlaqələr yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də üçtərəfli formatda çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında yüksək səviyyəli görüşlərin təşkil olunması bu əməkdaşlığın strateji xarakterini təsdiqləyir. 2024-cü il iyulun 3-də Astanada keçirilən üçtərəfli görüş bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev, Prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Məhəmməd Şahbaz Şərifin iştirakı ilə baş tutan bu görüş üç qardaş ölkənin qarşılıqlı siyasi dəstəyini nümayiş etdirməklə yanaşı, əməkdaşlığın institusional səviyyəyə keçidinin də rəmzinə çevrilib.
Deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a açıqlamasında bu tarixi görüşün əhəmiyyətini dəyərləndirərkən qeyd etdi ki, əvvəla Laçında hava limanının açılması böyük hadisədir: “Laçın relyefinə görə mürəkkəbdir deyə böyük zəhmət hesabına inşa olunub. Laçın ölkəmizin dilbər guşələrindən biridir və bu aeroportun fəaliyyəti turizmin inkişafına böyük töhfə vermiş olacaq”.
O ki qaldı Ərdoğanın və Şərifin gəlişinə, A.Əlizadə vurğuladı ki, bu səfər özlüyündə dostlarımıza və düşmənlərimizə böyük mesajdır: “Azərbaycan-Türkiyə qardaşlığı analoqu olmayan dostluq, müttəfiqlikdir, artıq Şuşa Bəyannaməsi bunun bariz sübutudur, Pakistanla da dostluğumuz ildən-ilə dərinləşir, iki dost-qardaş ölkə arasında Bakı bəyannaməsi imzalanıb. Bu da dünyadakı proseslərə təsir edən faktorlardır. Artıq cənab Ərdoğanın aeroportların açılışında iştirakı ənənəyə çevrilib və bu da xoş bir haldır. Biz Laçında liderlərin açılış mərasimində iştirakını maraqla izləyəcəyik və bu faktın özü qürurvericidir”.
Deputat bildirdi ki, Azərbaycan, Türkiyə və Pakistan bir-birinə qardaş ölkələr kimi beynəlxalq münasibətlər tarixində xüsusi yer tuturlar: "Bu əlaqələrin əsasını xalqlarımızın ortaq tarixi, dini-mənəvi dəyərləri və bir-birinə olan sarsılmaz bağlılığı təşkil edir. Tarixi köklərə dayanan bu münasibətlər zamanın sınaqlarından keçərək daim güclənib və müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib".