Bu ilin oktyabr ayında Azərbaycanda barəsində ən çox şikayət edilən bank “Bank Avrasiya” ASC olub. Bu barədə Mərkəzi Bank məlumat yayıb. Şikayət olunan bankların siyahısında “Bank of Baku” ASC ikinci (3,12 indeksi), “Yelo Bank” ASC isə üçüncü (2,87 indeksi) olub. Barəsində ən az şikayət edilən bank isə “Paşa Bank” ASC (0,14 indeksi) olub.
Maraqlıdır, bu bankların şikayət indeksi nəyə əsasən təyin edilir və siyahıdakı banklarla bağlı tədbir görülə bilərmi?
Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Ajans.az-a açıqlamasında bildirib ki, bu indeks müəyyən bir dövrdə bank haqqında daxil olan şikayətlərin sayının həmin bankın müştəri bazasına və ya ümumi əməliyyat həcminə nisbəti əsasında hesablanır:
“Mərkəzi Bankın bu reytinqləri sadəcə müştəri məmnuniyyətini ölçməyə çalışır. Əslində parametrləri daha yaxşı şəkildə açıqlama gözəl olardı. Görünür ki, əsas şərtlər xırda banklardandırsa, deməli onların müştəri sayına nisbətən şikayətlər çoxdur. Məsələn: kiçik bankdır, onun 100 müştərisi var. Onların 10-u şikayət edirsə, bu 10 faiz edir. Amma 3 aparıcı böyük bank var. Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Paşa Bank. Yəni burda müştəri sayı 10 mindirsə, onun 100 nəfəri şikayət edərsə, bu çox aşağı bir faiz nisbəti edir”.
İqtisadçı qeyd edib ki, Mərkəzi Bank bu şikayət indeksinə görə bankların siyahısının necə hesablandığı ilə bağlı da məlumat paylaşarsa, o zaman daha aydın olar.