Bakının Nərimanov rayonunda 1978-ci il təvəllüdlü Elşad yetkinlik yaşına çatmayan Fidana (adlar şərti verilib – red.) seksual xarakterli hərəkətlər edib.
Hadisə bu il aprelin 5-də baş verib.
Türkmənistan vətəndaşı Elşad həmin gün saat 16 radələrində cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə Azadlıq prospektindəki binanın qarşısında 14 yaşına çatmayan Fidanı gizli şəkildə izləyib.
Fidan binanın 1-ci girişindən dəhlizə daxil olan kimi dərhal onun arxasınca gedib, qızın lift qarşısında tək və köməksiz vəziyyətdə qalmasından istifadə edib, ön tərəfdən yaxınlaşaraq ona zor tətbiq edib. Əlini Fidanın əynindəki yubkanın altına salaraq, ona qarşı seksual xarakterli zorakılıq hərəkətlər eləyib.
Bundan başqa, Elşad istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə kağız bükümdə təmiz çəkisi 0,159 qram, ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin əldə edib. O, maddəni üzərində saxlayaraq yaşadığı binanın qarşısına gəlib.
Elşad aprelin 9-da saat 15:00-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanda saxlanılıb və Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin inzibati binasına gətirilib. Axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,159 qram ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilib.
İstintaq orqanı tərəfindən Elşadın barəsində Cinayət Məcəlləsinin 150.3.3 (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törədib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Elşad bildirib ki, narkotik vasitədən istifadə etmir və saxlanılan zaman üzərində narkotik vasitə olmayıb. Onun ifadəsinə görə, azyaşlıya qarşı əxlaqsız hərəkətlər edərkən içkili olub:
“Birinci epizodla bağlı ittihamda göstərilənlərlə razıyam. Danışacaq bir şeyim yoxdur, etdiyim əməli binamusluq hesab edirəm. Hadisədən əvvəl içkili olduğum üçün ağlım başımda olmayıb. Ona görə bu əməli törətmişəm. Zərərçəkmiş şəxsi isə əvvəllər görməmişəm”.
İbtidai araşdırma zamanı təqsirləndirilən Elşad Cinayət Məcəlləsinin 150.3.3 və 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 4-5 gün olar psixotrop maddə olan metamfetamindən istifadə edir:
“Aprelin 9-da səhər saatlarında Bakı şəhərində, “Papanin” adlanan yerdə üzdən tanımadığım şəxsdən 10 manata bir büküm özüm istifadə etmək üçün “Patı” adı ilə tanınan metamfetamin aldım. Onu cins şalvarımın sağ yan cibinə qoydum və saat 15 radələrində yaşadığım Binəqədi rayonu, Mədən 2-də yerləşən evimə gəldim. Bu zaman polis əməkdaşları tərəfindən yaxalanaraq şöbəyə gətirildim və şöbədə müdafiəçimin iştirakı ilə cibimdə olan psixotrop maddə metamfetamini masanın üstünə qoydum. Polis əməkdaşları tərəfindən protokol tərtib edildi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bu cinayətdən əvvəl aprelin 5-də saat 16 radələrində sərnişin avtobusundan bir qız uşağı düşüb və evlərinə tərəf gedib: “Qızın arxasınca getdim və binaya daxil olarkən onun arxasınca mən də binaya girdim. Liftin qapısı bağlamasın deyə ayaqqabımı qapının arasına qoydum və qıza yaxınlaşaraq əlimi yubkasının altına salaraq intim yerinə əl atdım. Qızın qışqırığını eşədəndə qorxdum və ayaqqabımı geyinərək qaçdım. Sonradan bildim ki, həmin şəxs Fidandır”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Fidanın sözlərinə görə, valideyinləri ilə bir yerdə yaşayır, orta məktəbin 8-ci sinif şagirdidir:
“Aprelin 5-də saat 07:40-da evdən çıxaraq oxuduğum orta məktəbə getdim. Təxminən saat 15:45-ə kimi məktəbdə oldum. Məktəbdən çıxdıqdan sonra 85 saylı marşurut avtobusa əyləşərək yaşadığım ünvana getdim. Avtobus dayanacağı ilə evimiz arasında olan məsafə təxminən 100 metrdir.
Yaşadığım binanın girişinə təxminən 3-4 metr qalmış bir tanımadığım şəxsin arxamca gəldiyini gördüm. Ona əhəmiyyət vermədim. 9-cu mərtəbəyə qalxmaq üçün liftin düyməsini basdım. Lift gəlmədiyi üçün nənəmə zəng vurdum ki, lifti yuxarıdan aşağı göndərsin”.
Zərərçəkmiş qeyd edib ki, bu zaman həmin şəxsdən liftin işləyib-işləmədiyini soruşub: “O mənə “yaxşı ki, lift işləmir” dedi. Lift gəldi, mindik. O, ayaqqabısını liftin qapısı arasına qoydu. Yaxınlaşaraq əlini mənə tərəf uzatdı, yubkanın altına saldı, intim yerlərimə əl atdı. Onu kənara itələyərək qışqırdım. O da liftdən çıxaraq qaçdı”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elşad 16 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Teleqraf.com