ŞOK: SABİQLƏR YENİ SİYASİ PARTİYA YARADIR
Tarix: 16-09-2012, 14:39 |
Çap et
PARTİYA QURUCULARI ARASINDA MƏHBUS NAZİRLƏR DƏ VAR
DİA.AZ: - Neçə müddətdir ki, sabiq məmurların bir araya gəlmələri barədə xəbərlər yayılsa da, nədənsə ictimaiyyətə bununla bağlı dolğun məlumatların verilməsində xəsislik göstərilir. DİA.AZ-ın əldə etdiyi informasiyalardan belə aydın olur ki, əslində bütün bunlar səbəbsiz deyilmiş.
Etibarlı qaynağın redaksiyamıza ötürdüyü informasiyaya görə, aralarında hazırda məhbəs həyatı yaşayan keçmiş nazirlər - Əli İnsanovla Fərhad Əliyevin də daxil olduğu təxminən 20 nəfərlik sabiq məmur heyəti qarşıdan gələn prezident seçkiləri ərəfəsində yeni siyasi təşkilat yaratma barədə razılığa gəliblər.
Mənbəmiz iddia edir ki, həmin təşkilatda hətta xeyli müddətdir görəvindən alınmış mərhum prezident Heydər Əliyevin köməkçisi Eldar Namazov, sabiq dövlət müşaviri Vəfa Quluzadə, Bakı şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Məhərrəm Əliyev, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev və başqaları yer almaqdadır. Maraqlıdır ki, yeni yaranacaq təşkilatda hazırda diplomatik vəzifə daşıyan keçmiş baş prokuror Eldar Həsənovun da təmsil olunacağı söylənilir.
Bu fakt isə 2013-cü il prezident seçkiləri ərəfəsində sabiqlərin yaratdığı təşkilatın kifayət qədər ciddi sambal daşıması anlamına gəlir. Mənbəmiz iddia edir ki, bütün bu proseslərdə əsas aparıcı missiya Vəfa Quluzadənin üzərindədir: «Elə buna görə də sabiqlərin toparlanması prosesinin sifarişinin Qərbdən gəldiyini də iddia etmək olar».