9 iyunda Qafqaz Xəbər Agentliyi “SOCAR öz işçilərini küçəyə atır” başlıqlı məqalə dərc etmişdi. Məqalə Xətai rayonundakı 35 saylı yataqxananın sakini Vüsal Həsənovun müraciətindən bəhs edirdi: “İqtisad Universitetini bitirəndən sonra SOCAR-ın “Azərneftyağ” birliyində iqtisadçı vəzifəsində işə başladım. Sonralar “Azərneftyağ” “Azərneftyanacaq”ın tərkibinə daxil oldu. 2007-ci ildə ailə qurdum. Ailəli işçi kimi mənə yataqxanada 2 otaqlı mənzil verdilər. 28 dekabr 2011-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə ARDNŞ-nin Mənzil-Kommunal Xidməti Departamentinin balansındakı yaşayış evləri, yataqxanalar Bakı ŞİH-nin balansına verildi. Bu sərəncamdan 3 ay sonra Mənzil-Kommunal Xidməti Departamentinin direktoru Namiq Şahverənov yataqxanada mənim ailəm yaşayan mənzilə heç bir əsas olmadan, heç vaxt bizimlə birlikdə işləməyən Səbinə Atayevanın adına order verib”. Müxbirimizin “Siz haradan bildiniz ki, Səbinə Atayeva heç vaxt sizinlə birlikdə işləməyib?” sualına Vüsal Həsənov belə cavab verdi: “ Bu barədə mənə 143 saylı JEK-in rəisi Vəli Usubəliyev dedi. Atayeva bir neçə ay JEK-də xadimə işləyib”. Zərəçəkən bildirib ki, mən Xətai rayon prokurorluğuna şikayət etdim: “ Şikayətimi araşdırmaq prokurorun böyük köməkçisi Bəsti Məçiyevaya tapşırıldı. O, mənə bildirdi ki, sizin ailənin istifadəsində olan mənzilə başqa ailəni qeydiyyata götürmək qanun pozuntusudur və cinayət tərkibli işdir. Ancaq az vaxtdan sonra mənim şikayətimi prokurorluğun böyük müstəntiqi Mehman Hümmətova tapşırdılar. 6 fevral 2015-ci il tarixdə o mənə məktub yazdı ki, toplanan materiallar göstərdi ki, bu işdə cinayət tərkibi yoxdur, ona görə də prokurorluq cinayət işi açmaqdan imtina elədi”. Mən qərardan şikayət elədim və iş Xətai rayon prokurorluğunun müstəntiqi Mahmud Mehdiyevə tapşırıldı. Biz Vüsal Həsənovdan sübutlar istədik. O, bizə 143 saylı JEK-in rəisi Vəli Usubəliyevlə diktofon yazısını təqdim elədi.
Həmin diktofon yazısında Usubəliyev bildirir ki, Səbinə Atayeva onun rəis olduğu JEK-də xadimə işləyib. Vüsal Həsənov “Azərneftyağ”ın onun ailəsinə verdiyi orderi də bizə təqdim elədi. Qafqaz Xəbər Agentliyi olaraq məsələni aydınlaşdırmaq qərarına gəldik. Və “Azərneftyanacaq” birliyinə müraciət etdik. Birliyin kadrlar idarəsinin əməkdaşı Xavər ( soyadını demədi ) bizə bildirdi ki, 2012-ci ildə Səbinə Atayeva “Azərneftyanacaq”da işləməyib. Vüsal Həsənov isə bizə bildirdi ki, bu günlərdə o müstəntiq Mahmud Mehdiyevlə görüşüb: “ Mən ona bildirdim ki, Mənzil-Kommunal Xidməti Departamentinin direktoru Namiq Şahverənov qurum Nazirlə Kabinetinin qərarı ilə ləğv olunandan sonra Səbinə Atayevaya order verib. Bununla bağlı cinayət işi qaldırılmalıdır. Ancaq Mahmud Mehdiyev mənə dedi ki, sorğu göndərməliyəm. Ancaq sorğudan sonra qərar verə bilərəm”. Vüsal Həsənovun sözlərinə görə, bundan sonra Mahmud Mehdiyev barədə məlumat toplamalı olub: “ Azadlıq” qəzetində yazılıb ki, 18 iyun 2010-cu ildə o, prokurorluq əməkdaşı adına yaraşmayan hərəkətlərə görə və hərbi xidmətdən yayındığına görə, orqandan xaric olunub. Sonradan hansı yollasa prokurorluq orqanlarına bərpa olunub. Mən inanmıram ki, o ədalətli qərar qəbul etsin”.
Müxbirimiz Namiq Şahverənovla əlaqə saxlayaraq baş verənlərə münasibətini öyrənib: “ Səbinə Atayeva SOCAR-da işləyib, ona görə də o yataqxanada mənzillə təmin olunub”. Müxbirimizin “ 143 saylı JEK-in rəisi Vəli Usubəliyev deyir ki, Səbinə Atayeva JEK-də xadimə işləyib” fikrinə keçmiş departament müdirinin münasibəti belə oldu: “ Tamamilə düzdür. 143 saylı JEK SOCAR-ın tabeçiliyində idi. 2009-cu ildə Vüsal Həsənov SOCAR-dan işdən çıxdığı üçün yataqxanada yaşamaq hüququndan mərhum edilib”. Müxbirimizin “28 dekabr 2011-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə ARDNŞ-nin Mənzil-Kommunal Xidməti Departamentinin balansındakı yaşayış evləri, yataqxanalar Bakı ŞİH-nin balansına verilib, siz isə 28 mart 2012-ci il tarixdə Səbinə Atayevanın adına order vermisiniz..” xatırlatmasına keçmiş direktorun münasibəti belə oldu: “ Biz Nazirlər Kabinetinin qərarları ilə deyil, SOCAR-ın göstərişi ilə işləyirik”. Müxbirimizin “Məgər SOCAR-ın göstərişləri NK-nin sərəncamından üstündür?” sualına Şahverənovun cavabı belə oldu: “ NK sərəncam verir. Sonra müvafiq proses başlayır. Sonuncu təhvil-təslim aktı 2012-ci ildə olub. Hər şey qanunidir. Biz işçiyə yataqxanada ev vermişik. Əgər bu qanunsuz olsa cavab verməyə hazıram. Vüsal Həsənov isə heç vaxt yataqxanada yaşamayıb. Bu yoxlamanın nəticəsində məlum olub və onun yataqxanada yaşamaq hüququ ləğv olunub”. Məşhur vəkil İradə Cavadovanın fikrincə, SOCAR Vüsal Həsənovu yataqxanada yaşamaq hüququndan məhrum edə bilməz: “ Bu ancaq məhkəmə yolu ilə mümkündür”.








