
“Sizin iş yerində telefonla özəl danışıqlara icazə verilir?” Qeyri-media sektorunda çalışan rəfiqələrimdən biri verdi bu sualı. Məlum oldu ki, onlara iş saatlarında özəl telefon danışıqlarına, internetdən, xüsusən də sosial şəbəkədən istifadəyə icazə verilmir. Daha doğrusu, internetdən ancaq iş məqsədilə istifadəyə icazə var, qalanı... təsbit olunur, cərimələnir...
Bir neçə il bundan əvvəl Türkiyənin nazirlərindən biri iş yerlərində reyd keçirəndə maraqlı bir mənzərə ilə qarşılaşmışdı. Nazirin gəlişindən xəbərsiz olan işçi internetdə oyun oynayırdı və... bunu görən nazirin göstərişi ilə həmin idarədə internet sıravi işçilərə qadağan olundu.
Musavat.com da iş yerlərindəki əcaib-qəraib qadağalar barədə kiçik bir arayış hazırladı və ortaya belə mənzərələr çıxdı.
İŞDƏ ŞALA BÜRÜNMƏK DƏ OLMAZ, İCAZƏSİZ AYAQYOLUNA GETMƏK DƏ...
Yenibiriş.com saytının işçilər arasında keçirdiyi rəy sorğusuna görə, iş yerlərindəki ən axmaq qadağaların siyahısı ortaya çıxıb. Sorğuya qatılan 1747 nəfərə görə, mənasız və axmaq qadağalar siyahısındakı ən populyar 10 maddə aşağıdakılardır:
1.Əsnəmək
2. Boz rəngdə geyinmək
3. Musiqiyə qulaq asmaq
4. Başqasından dərman istəmək
5. Şirkət maşınının kondisionerindən lazımından artıq istifadə etmək
6. Daima eyni iş yoldaşı ilə yeməyə getmək
7. İcazəsiz ayaqyoluna getmək
8. Çayı ikidən artıq qəndlə içmək
9. Enerji içkisi içmək
10. Şala bürünmək
Sorğuda iştirak edənlərə görə, ən çox qadağa kompüter və internet istifadəsi ilə bağlıdır. Ofis daxilində yemə-içmə qaydaları da bunun ardınca gəlir. Bu yasaqları işdəki fasilələr, geyim və şəxsi gigiyena qaydaları haqqındakı qadağalar təqib edir.
Detallara varaq:
Kompüter-internet - sosial şəbəkələrdən istifadə etmək, çata girmək, şirkət xaricinə e-mail yollamaq və alış-veriş saytlarına girmək
Yemək - türk qəhvəsi içmək, şəkər və süd tozu ilə bağlı verilən limiti aşmaq, hazır kofe içmək, iş masasında xörək yemək.
İş saatları - çay fasiləsi vermək, nahar etmək, hava qaralmadan ofisdən çıxmaq, müdirdən öncə ofisdən çıxmaq
Geyim-şəxsi gigiyena: top saqqal saxlamaq, rəngli dırnaq boyası sürtmək, şabalıdı rəngdə geyinmək, iri sırğalar, saçyığan taxmaq
Telefon: cib telefonunu səssiz rejimə qoymamaq, iş saatlarında şəxsi telefon danışıqları etmək, telefonu iş yerində enerji yığması üçün avadanlığa qoşmaq
Siqaret: qapı ağzında siqaret çəkmək, siqaret çəkməyə digər iş yoldaşını da özünlə aparmaq, günorta saatından öncə siqaret çəkmək
Şəxsi ehtiyaclar: ayaqyoluna üç dəfədən artıq getmək, tualet kağızından çox istifadə etmək, ayaq yolunda beş dəqiqədən artıq qalmaq
AMERİKANIN BƏZİ ŞİRKƏTLƏRİNDƏ DEDİ-QODU EDƏN İŞÇİ ÖZÜ ƏRİZƏSİNİ YAZIR
Şirkətlərin 53 faizi işçilərinin sosial şəbəkələrə və əyləncəli saytlara çıxışını bağlayıb. 19 faiz isə fərqli yollarla işçilərini bu fəaliyyətdən uzaqlaşdırmağı bacarıb. Onlayn oyunlar, bəzi veb saytlara giriş, video endirib izləmək və çatlaşma da ciddi şirkətlərin yasaqları sırasındadır.
Araşdırma zamanı şirkətlərə “işçilərin ən təhlükəli fəaliyyəti nədir” sualı verilib. Onların 35 faizi sosial şəbəkələri təhlükəli fəaliyyət hesab edib. Bundan başqa, firmalar iş əmsalının aşağı düşməməsi ilə yanaşı, şirkətin informasiya təhlükəsizliyi üçün də bunun yasaqlanmasını faydalı sayır. Çünki firma işçisi sosial şəbəkədə ancaq vaxtını və enerjisini itirmir. Eyni zamanda ona gələn viruslu məktubları oxumaqla şirkətin kompüter şəbəkəsinə də ziyan vurmuş olur.
İndi keçək bəzi dünya ölkələrindəki iş yerlərində özünü göstərən qəribə yasaqlara. Məsələn, Yunanıstan 2009-cu il iyulun 1-dən iş yerində siqaret çəkilməsini qadağan edir. Ölkənin səhiyyə nazirliyinin məlumatına görə, Avropanın ən çox siqaret çəkən xalqlarından olan yunanların bu vərdişindən ildə 20 min yunan ölür. Siqaretin dövlətə vurduğu ziyan isə ildə 2 milyard dollar məbləğində qiymətləndirilir.
Amerikada yerləşən bir şirkət iş yerində dedi-qodunu qadağan edib. Qadağanı pozanlar isə işdən çıxarılacaq. Onu da demək lazımdır ki, bəzən kiminsə dalınca danışmaq, rəsmi qadağanın olmadığı şirkətdə də təhlükəli ola bilər. Qadın: “Bir dəfə mənim tabeçiliyimdə olan həmkarımla sözüm düz gəlmədi. Mübahisəmiz düşdü. O, aşağıdakı yeməkxanaya gedərək, başqa bir işçiyə mənim barəmdə ağzına gələni danışdı. Həmin işçinin mənim gələcək ərim olduğunu bilmədən. Sonra bunu biləndə, özü gəlib ərizəsini yazıb işdən çıxdı”. Bax, iş yerində dedi-qodunun belə fəsadları da ola bilər.
Amerikadakı M-Pauer ictimai əlaqələr şirkəti və yaxud PR şirkəti həmkar barədə dedi-qoduya görə adamları işdən çıxarmaq qərarına gəlib. Şirkətin rəhbəri Sem Çapman deyir ki, arxada danışmaq iş yerində mühitin sağlamlığına ziyandan başqa heç nə gətirmir: “Biz dəfələrlə görmüşük ki, dedi-qodu həm onu edənə, həm də onun hədəfinə zərər gətirir. İş yerində münasibətlər pozulur, nəticədə şirkətin işinə ziyan dəyir. Özü də belə söz-söhbət çox zaman həqiqətə əsaslanmır. Ondan şayiələr yaranır. Biz istəyirik ki, kiminsə narazılığı varsa, sözü üzə desin. Mənim yanımda kiminsə arxasınca danışırlarsa, mən dərhal həmin şəxsi dəvət edərək, məsələnin axırına çıxmağa üstünlük verərdim. Amma hamı bunu etmədiyindən, birdəfəlik qəti qadağa qoymaq qərarına gəldim”.
Britaniyanın səhiyyə sistemində çalışan Sara isə hesab edir ki, dedi-qodunun dərəcəsi var: “Əgər bu ziyansız söz-söhbətdirsə, inanmıram ki, onu qadağan etmək yaxşı nəticə verəcək. Əksinə, kimisə üzləşdirsən, desən ki, bu adam sənin dalınca danışıb, o zaman münasibətlər dərhal pozulacaq. Mənimlə ancaq qadınlar işləyir. Sözün düzü, əgər dedi-qodu olmasa, bağrımız çatlayar. 8 saat bir yerdə işləyəndə, müəyyən gərginliklər yarana bilər. Ona görə də necə deyərlər, qaynar qazanın buxarını buraxan kimi, etibar etdiyin şəxsə yola getmədiyin adamdan şikayət edirsən, ürəyin soyuyur, əsəblərin bir qədər sakitləşir. Əsası odur ki, həddi aşmayasan. Yalan, şayiə yaymayasan”.
Amma Sem Çapman şirkətinin siyasətinin müsbət nəticə verdiyinə əmindir. Özü də artıq bir neçə şəxsi dedi-qoduya görə işdən kənar etməsindən fəxrlə danışır. “Bəli, mən artıq 3 nəfəri işdən çıxarmışam. Onlara edilən xəbərdarlıqlara baxmayaraq, bu adamlar öz münasibətlərinə düzəliş etməkdən imtina etmirdilər. Mən hesab edirəm ki, bu iş mühitini xeyli yaxşılaşdırıb və həmkarlarım mənimlə razıdırlar. Digər tərəfdən, üzr istəyirəm, ağızları nədir razılaşmasınlar”.
Böyük Britaniyanın BBC teleşirkəti də bu yaxınlarda öz əməkdaşları üçün yeni qadağa qoyub. Artıq BBC-də işləyən bütün jurnalistlər öz iş yerlərində banan yeyə bilməyəcəklər. Bu addımın səbəbi jurnalistlərdən birinin ağır allergik reaksiyadan rəhbərliyə şikayət etməsi olub. BBC-nin mətbuat xidməti də bu informasiyanı təsdiq edib. “The Sun” qəzetinin yazdığına görə, artıq bu şirkətdə nəinki banan yemək, hətta bananın qabığını belə soymaq qadağandır.
Bu addım jurnalistlər arasında zarafata və gülüşə səbəb olub. Qeyd edək ki, BBC rəhbərliyi bu qərarda heç bir qəbahət görmür. Rəhbərliyin bildirdiyinə görə, banan birbaşa insan həyatı üçün təhlükəli ola bildiyindən qadağan olunub.
Qadağa deyəndə mənim diqqətimə daha çox səbəb olan məqam isə heç şübhəsiz ki, iş geyimi ilə bağlıdır. Haqqında danışdığımız məsələ dünya ölkələrində iş yerindən asılı olmayaraq “dress kod”la (geyim kodu) tənzimlənir. Bundan bir neçə il öncə Rusiya hakimiyyəti məmurları təhqir etdiyini əsas gətirərək jurnalistlər üçün “dress kod” tənzimlənməsini təklif etdi. Məmurların fikrincə, ciddi dövlət qurumlarının mətbuat konfranslarına qatılan jurnalistlərin geyimi “dostları ilə kabab partisinə gələn”lərin stilini xatırladır. Onların fikrincə, bu geyim tərzi jurnalistlərin etik norması ilə tənzimlənməlidir. Cırıq cins şalvarlar, bədənə kip sarılmış maykalar, çəkələklər, həddən artıq qısa yubkalar... Bunların heç biri jurnalistin əynində olmamalıdır. Moskva merinin mətbuat katibi Serqey Tsoy bildirib ki, məmurlar məcburi kostyum-şalvar və ya uzun paltarlarla bağlı şərt qoymurlar. Yeganə tələb təmiz və etik tərzdə geyinmədir. Hətta bununla bağlı müvafiq göstəriş də verilib. Belə ki, nazirlik binalarının mühafizəçiləri göstərilən normalara müvafiq geyinməyən jurnalistləri tədbirlərə buraxmırlar.
Bəzi tədbirlərdə isə jurnalistlərə qarşı belə yoxlama prosesi olmasa da, onların kimliyi, hansı media orqanını təmsil etməsini asanlıqla müəyyənləşdirirlər. Tədbirlərdəki qeydiyyat vərəqi məhz bunun üçündür. Tədbirin təşkilatçısı həmin vərəqi məhz mətbuat konfransı zamanı verir, hər kəs özünü, çalışdığı media orqanını ora qeyd edir. Son nəticədə isə təşkilatçı qeyri-etik geyimli jurnalisti belə müəyyənləşdirib, redaksiyaya bu barədə şikayətlə müraciət edir, bir daha həmin jurnalistin tədbirə gəlməməsini tapşırır.
Elə bu məqamda da jurnalistikanın qızıl qaydalarından biri yada düşür: əgər sən müsahibini danışdırmaq, onu cəmiyyətə yaxşı yöndən tanıtdırmaq istəyirsənsə, onun geyim zövqünü də əvvəlcədən öyrənməlisən. Bu yaxınlarda Amerika qəzetlərindən birində striptizçi bir qadınla olduqca maraqlı bir müsahibə yayımlanmışdı. Müsahibəni götürən qadın jurnalist idi. Məlum olmuşdu ki, ümumiyyətlə, striptiz barda çalışanlar üçün mətbuat işçiləri sevilməyən personalardır. Amma müsahibəni götürən jurnalist bara elə bar geyimində gedib. Orada olarkən pivə içib, siqaret çəkib və müsahibini onun özünə yaxın hiss etməsi üçün əlindən gələni edib. Yoxsa ki, “həyatın dibinə necə düşdünüz” tipli sualla və ciddi geyimlə bu cür şəxsi heç cür danışdırmaq olmaz.
Ona görə də dünya jurnalistləri hesab edirlər ki, geyimləri onlara iş prosesində kömək edə bilər. Jurnalistika bir növ aktyorluq sənəti kimidir, hər an rola girmək, qiyafə dəyişmək bu işin qızıl qaydalarındandır. Geyimlə həmsöhbətə “özümüzünkü” olduğunu göstərmək, onunla eyni dalğada dolaşdığımız mesajını verməliyik.
Qeyri-media sektoru üçün də dress kod önəmlidir. Belə ki, havanın necəliyindən asılı olmayaraq, işçilərə çimərlik geyimini xatırladan qiyafədə, çəkmələrdə ofisə gəlmək icazəsi verilmir. Bu qadağaya məhəl qoymayanlara ən yaxşı halda xəbərdarlıq edilir, ən pis halda isə işdən kənarlaşdırılırlar.
P.S. Qeyd edək ki, o cür qadağalardan biri də elə öz qəzetimizdə tətbiq olunur. Təxminən 15 ildir ki, heç ks redaksiya hüdudları daxilində siqaret çəkə bilməz – cəriməsi var.








