
Azərbaycana bu ilin yanvar-sentyabr aylarında ümumi məbləği 52 milyol 39 min manat olan 483366 dəst oturacaq, ofis, mətbəx yataq və digər mebellər idxal olunub. Cəmi 622,9 min dollarlıq (4496 ədəd) mebel ixrac edilib.
ANS PRESS-in məlumatına görə, bunlardan yataq otağı üçün mebel 38 213 dəst, yemək və qonaq otaqları üçün taxta mebel 1 288 dəst, ofis və ticarət müəssisələri üçün mebel 36 574 dəst, taxta karkaslı, üzlənmiş divan və kreslolar 7449 ədəd, metal yaylı döşəklər 38 095 ədəd olub.
Amma ölkəyə idxal olunan və istehsal olunan yerli məhsulların keyfiyyəti o qədər də ürəkaçan deyil. Bununla bağlı apardığımız araşdırmadan məlum olur ki, bir çox hallarda gətirilən mebellərin keyfiyyəti reklam olunduğu səviyyədən qat-qat aşağıdır, hətta saxta materiallardan istifadə edilir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, bu məsələ ilə bağlı bizə demək olar, hər gün telefon zəngləri gəlir, bəzən vətəndaşlar yazılı müraciət edirlər. Şikayətlər əsasən mebellərin keyfiyyəti, satışı zamanı istehlakçıların aldadılması ilə bağlıdır. Azərbaycanda yığılan mebel dəstləri əksər hallarda Türkiyə, Malaziya və digər xarici ölkənin mebel brendləri adı altında satılır. Bu, qanun pozuntrusudur, istehlakçıların aldadılmasıdır.
O bildirib ki, bu ay daxil olan şikayətlərdən də göründüyü kimi, alınan mebel dəstini təyinatı üzrə işlədəndə onun nə qədər keyfiyyətsiz olduğu üzə çıxır. Yəni mebellər istehlakçının reklama uyğun etimadını doğrultmur. Ona görə də istehlakçılar mebel alan zaman mebellərə yapışdırılmış kağızlara, məhsulun kodunun istehsal edən firma ilə düzgün olub-olmamasına fikir vermələri tövsiyə olunur. Vətəndaşlar həmçinin aldıqları malın sertifikatını, qiymət sənədlərini də tələb etməlidirlər.
E.Hüseynov hazırda ən çox problemin mətbəx mebellərinin yığılması ilə bağlı olduğunu vurğulayıb: "Ustaların istehlakçıları aldatması, xarici material adı ilə saxta, keyfiyyətsiz mallardan istifadə olunma halları var. Bütün hallarda istehlakçıların hüquqlarını qorumaq mümkündür. Mebel dəyişdirilən və qaytarılan mallar siyahısında olduğundan istehlakçıların belə problemi yaranarsa, onların hüquqları təmənnasız qoruya bilərik.
Birlik sədri şikayət daxil olan şirkətlər barədə aidiyyəti təşkilatlara dəfələrlə müraciət olunduğunu, hələlik istehlakçıların hüquqlarının pozulmasının qarşısının alınması üçün ciddi tədbirlərin görülmədiyini vurğulayıb.
Ekspertlər də mebel məhsullarının keyfiyyəti, saxta olması ilə bağlı problemlərin mövcudluğunu bildiriblər: "Təbii, tələb təklifi üstələyəndə, keyfiyyətsiz malın sayı artacaq. Ona görə də iqtisadiyyatın bir qolu kimi bu sahəyə nəzarətin artırılması, yerli mebel sənayesinin inkişafı zəruridir. Hökumət və firmalar yerli istehsalın həcmini və keyfiyyətini artırmaq üçün mühüm addımlar atmalıdırlar."
Onların sözlərinə görə, başqasını imitasiya etməkdənsə, Azərbaycanda istehsal olunan mebellər yerli brendlə dünyada tanıdılması daha yaxşı olar. Axı, Azərbaycanda yığılan mebellərin heç də hamısı keyfiyyətsiz deyil.
İstehsalçılar isə bildiriblər ki, ölkədə mebel sənayesinin inkişafı məsələlərindən danışdıqda, ilk növbədə mebel istehsalı üçün əsas xammal hesab edilən ağac ehtiyatlarının gıtlığı mövzusu gündəmə gəlir. Respublika ərazisinin yalnız 11,2 % meşə örtüyü təşkil edir. Ona görə də, yerli istehsalçılar tələb olunan xammalı xarici ölkədən, Çindən gətirməyə məcburdurlar. Çində mebel ixracı üçün xüsusi sənaye zonaları yaradılıb ki, bu zonalarda müəssisələr kompleks şəkildə fəaliyyət göstərir.
Ümumiyyətlə, beynəlxalq rəqabət qabiliyyətli mebel istehsal etmək üçün əsas şərt təkcə xammal yox, ölkədə muasir texnoloji avadanlığın mövcudluğu və düzgün marketinq strategiyasıdır. Dünya ağac ehtiyatlarının 25%-dən çoxu Rusiya ərazisində yerləşdiyinə baxmayaraq, mebel sənayesinin zəif inkişaf etməsi nəticəsində Rusiya dünya mebel bazarının cəmi 2%-ni istehsal edir. Eyni zamanda ərazisinin yalnız 14%-i meşə örtüyü olan və mebel sənayesi üçün ilkin xammalın 97%-ni idxal edən Çin, dunya mebel bazarının 9,4%-ni təmin edir. Əhalisi cəmi 2 mln. olan, mebel üçün xammalın 94% idxal edən Sloveniya isə, ildə 600 mln. dollar məbləğində mebel ixrac edir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda mebel istehsalı üzrə ötən il fəaliyyət göstərən 84 müəssisənin 3 dövlət, 81-i özəl sektora aid olub. Sənaye fəaliyyəti ilə məşğul olmaq üçün qeydə alınmış fərdi sahibkarların sayı 812 nəfərə çatıb. Hazırda Bakıda İtaliya, Rumıniya, Türkiyə, Polşa, Çexiya və İran istehsalı olan mebellər satılır. Az miqdarda yerli mebel də istehsal olunur.










