Xatırlayırsınızsa, 5-6 ay öncə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 31/26-cı məhəllədə yaşayan bir qrup məcburi köçkünün redaksiyamıza göndərdiyi şikayətini dərc etmişdik. Bakı Metropoliteninin elektrik deposunun tikintisinin nəzərdə tutulduğu ərazidə yaşayan məcburi köçkünlər hüquqlarının pozulduğunu, onların ərazidən köçürülmə şərtlərinin qaneedici olmadığını bildirmişdilər. Belə ki, məcburi köçkünlər onlara dəymiş maddi ziyanın kompensasiyasını tələb edirdilər.
Məsələni yerində araşdırarkən 1994-96-cı illərdən sözügedən ünvanda məskunlaşdıqlarını deyən məcburi köçkünlər burada özlərinə əzab-əziyyətlə ev tikib, bağ-bağat saldıqlarını, bütün kommunal xərcləri şəxsi vəsaitləri hesabına ödədiklərini qeyd etmişdilər. Eyni zamanda bildirmişdilər ki, qanuna görə, dövlət ehtiyacları üçün alınan torpaqlardan köçürülən ailələrin, sakinlərin, kompensasiyası ədalətli şəkildə dövlət tərəfindən ödənilməlidir və bu qanun onlara da şamil olunmalıdır. Şikayətçilərin sözlərinə görə, metropolitenin işçiləri onların işığını, suyunu, qazını tez-tez kəsərək, bu yolla onları yaşadıqları evlərdən köçürməyə məcbur edirdilər. Lakin bu çətinliklərə baxmayaraq, onlar evlərindən köçməyəcəklərini söyləyirdilər. Məcburi köçkünlər evlərinin Binəqədi rayon İcra Hakimiyyətindən, bələdiyyədən müvafiq sənədləri olduğunu bildirirdilər. İcra Hakimiyyətindən çağırıb, onlara evlərinin sərəncamını təqdim edərək, bir surətini də metropolitenə göndərdiklərini deyiblər. Dəfələrlə əmlakları Maliyyə Nazirliyi və Bakı Metropoliten nümayəndələri tərəfindən təşkil olunmuş komissiyada qiymətləndirilib. Hətta məcburi köçkünlər Maliyyə Nazirliyinə dəvət olunaraq, orada evlərinin bazar qiymətləri əsasında qiymətləndirilməsi haqqında razılığa gəlib, sənədlər imzalamışlar. Amma Bakı Metropoliteninin rəhbərliyindəki dəyişiklik məcburi köçkünlərin işini yarımçıq qoymuşdur. Ancaq buna baxmayaraq, məcburi köçkünlər evlərinin kompensasiyasını tələb edirdilər.
Məcburi köçkünlər qeyd etmişdilər ki, dövlət ehtiyacı adı ilə mülkləri əllərindən alınır, özlərini isə Mehdiabaddakı məcburi köçkünlər üçün salınan şəhərciyə göndərirlər.
Məlum olduğu kimi, bu il may ayının 23-də sözügedən ərazi polislər tərəfindən əhatəyə alınaraq, Bakı Metropoliteninin tikdiyi depo həmin ərazidə yerləşdiyi üçün ərazidəki evlər sökülməyə başlanılmışdı. Evlərindən çıxarılan sakinlər aksiya keçirmiş, sakinlərlə polislər arasında qarşıdurma yaranmışdı. Qeyd edək ki, həmin ərazidə məskunlaşan məcburi köçkün ailələri Bakı Metropolitenindən kompensasiya tələb edirdi...
Bu günlərdə isə redaksiyamıza sözügedən ərazidəki evindən məcburi çıxarılan bir qrup köçkün adından Nuriyyə Həsən qızı Abbasovanın prezident İlham Əliyevə ünvanlanmış müraciəti daxil olub. Müraciətdə bildirilir:
“Möhtərəm cənab Prezident!
Bildiririk ki, biz 6 məcburi köçkün ailəsi 1995-2000-ci illərdə Binəqədi rayonu, M.Ə.Rasulzadə qəsəbəsi, 3126-cı məhəllədə torpaq sahəsi alaraq ev tikdirmişdik. 20 ilə yaxın idi ki, öz evlərimizdə yaşayırdıq. Həmin ərazidə 200-ə yaxın həyət evi vardı. 2011-ci ildə Binəqədi RİH, Bakı Metropoliteni İdarəsi, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri əraziyə gələrək, evlərimizin söküləcəyini və yerində Bakı Metropoliteninin elektrik deposunun tikiləcəyini bildirdilər. Onu da əlavə etdilər ki, hamıya sökülən evlərinə görə kompensasiya veriləcək.
Biz 6 ailə Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki “Gənclər şəhərciyi”nə köçməkdən imtina edərək, öz evimizdə yaşamağa davam etdik. Bundan sonra Bakı Metropoliten İdarəsi Binəqədi rayon İcra Hakimiyyəti ilə birlikdə həmin ərazidə evləri sökülən 138 məcburi köçkün olmayan ailə ilə danışıqlar aparıldı. Onların evlərinin rəsmiləşdirilməsi barədə Binəqədi RİH tərəfindən sərəncamlar verilməklə, evlərinin real dəyəri, hətta dəyərindən də artıq kompensasiya ödənildi. Qeyd etdiyimiz kimi, biz 6 məcburi köçkün ailəsi evimizi tərk etmədik, çünki bizə nə kompensasiya, nə də evlərimizin rəsmiləşdirilməsi barədə sərəncam verildi.
Nəhayət, 2014-cü ilin mart ayında Bakı Metropoliten İdarəsinin və Binəqədi RİH-nin nümayəndələri əraziyə gələrək bildirdilər ki, biz altı məcburi köçkün ailəsinin evinin rəsmiləşdirilməsi və bizə kompensasiya verilməsi barədə razılıq əldə olunub. Elə həmin gün evlərimiz yenidən ölçüldü, eskiz layihəsi çəkildi, 12 mart 2014-cü il tarixdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı X.İsgəndərov tərəfindən həmin ərazidəki 6 məcburi köçkün ailəsinin evlərinin rəsmiləşdirilməsi barədə sərəncam verildi. Biz Binəqədi RİH-nə çağırıldıq, orada bizə evlərimizin rəsmiləşdirilməsi barədə sarəncamlar və sərəncamlara əlavə edilmiş evlərimizin eskiz planlarının təsdiq edilmiş surətləri təqdim edildi.
Bir-neçə gündən sonra isə biz Bakı Metropoliten İdarəsinə çağırıldıq və ödəniləcək kompensasiyanın məbləği bizimlə müzakirə edildi. Sonda razılaşma sənədləri tərtib olundu və biz həmin sənədləri imzaladıq.
Lakin 23 may 2014-cü il tarixdə səhər tezdən Bakı Metropoliten İdarəsinin vəzifəli şəxsləri yüzlərlə polis əməkdaşı ilə əraziyə gələrək, bizə kompensasiya \verilməyəcəyini bildirdilər. Sonra da bizdən evlərimizi tərk etməyi tələb etdilər. Etiraz etdikdə, polis əməkdaşları zor tətbiq edərək bizi evlərimizdən sürüyüb bayıra atdılar. Daha sonra bizi polis maşınlarına basaraq, ərazidən uzaqlaşdırdılar, hətta bəzilərimizi polis bölməsinə apararaq axşamadək orada saxladılar.
Evlərimiz, həyətlərimiz, həyətlərdəki yardımçı tikililərimiz, hasarlarımız, meyvə ağaclarımız ağır texnikanın köməyi ilə dağıdıldı. Evdə olan əmlakımızın bir hıssəsi ərazıyə gətirilən fəhlələr tərəfindən maşınlara yüklənərək, Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki “Gənclər şəhərciyi”nə gətirildi. Qalanları isə yararsız hala salındı. Polis evlərimizdən zəruri əşyalarımızı çıxarmağa qoymadı. Öz vəsaitimiz hesabına çəkdirdiyimiz su, qaz, işıq xətləri, yüzlərlə meyvə ağacı, üzüm çardaqlarımız ağır traktorların tırtılları altında qalaraq torpağa qarışdı. Beləliklə, qanunlarımız ayaqlar altına atıldı, bizə qarşı törədilən vəhşilik əsl vandalizm aktı idi.
Şikayət etdiyimiz aidiyyəti dövlət qurumlarının rəhbərləri bizi qəbul edərək, etiraf etdilər ki, bizə qarşı həqiqətən haqsızlıq olub. Dedilər ki, siz köçməklə bağlı razılıq verməmisiniz, sizin evlərinizin rəsmiləşdirilməsi haqda sərəncamı var və bu qüvvədədir, məhkəmə qərarı olmadan evlərinizi heç kim sökə bilməzdi, sizin tələblər haqlı olub və təmin olunmalı idi. Beləliklə, biz haqqımızın, hüququmuzun bərpa olunması, bizə dəyən maddi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldıq.
Möhtərəm cənab Prezident!
Sizdən özlərini qanunlarımızdan üstün tutan bəzi məmurlarla bağlı tədbirlər görülməsini xahiş edirik”.
Şikayətçilər sonadək mübarizə apararaq öz hüquqlarını tələb edəcəklərini bildirirlər.











