Ermənistanda seçki günü yaxınlaşdıqca gərginlik pik həddə çatır. Seçkiyə qatılan tərəflər bir-birinə qarşı sərt ifadələr işlətməkdən belə çəkinmirlər.
Revanşistlər bütün vasitələrdən istifadə edərək, çalışır ki, Paşinyanın növbəti dəfə hakimiyyətdə qalmasının qarşısını ala bilsinlər. Bu fonda Rusiya da onlara hələlik dolayı yollarla dəstək verir. Böyük ehtimalla Kreml həm də müxalifətin birləşməsinə çalışır.
Müxalifətin seçkiyə qatılan əsas qüvvələri milyarder Savvel Karapetyan, keçmikş prezidenr Robert Koçaryan və Qaqik Sarukyandır. Lakin hələlik onlar prosesdə ayrı-ayrılıqda iştiraka üstünlük verirlər.
Konfliktoloq Üzeyir Şəfiyev Bakupost.az-a bildirib ki, Paşinyanın növbəti qələbəsi Ermənistanın daha sürətlə Kremldən uzaqlaşmasına rəvac verəcək:
“Qarşıdakı dövrdə Ermənistanda siyasi hərarət birmənalı olaraq yüksələcək. Seçkilərə hazırlıqlar gərgin şəraitdə keçir. Rusiyanın bu seçkilərə müdaxilə ehtimalı da yüksək olaraq qalır. Paşinyanın fəaliyyəti Moskvanı qane etmir. Buna baxmayaraq, Paşinyan Qərb, Türkiyə və Azərbaycanla əməkdaşlığa daha çox önəm verməkdə davam edir. Nəticədə seçkidən sonra hakimiyyətdə qalacağı təqdirdə, Paşinyanın orta perspektivdə Rusiyadan daha sürətlə uzaqlaşacağını görə bilərik”.
Həmsöhbətimiz hesab edir ki, sərt ifadələr Paşinyanın ziyanına işləyə bilər:
“O, müxalifətə qarşı sərt, vulqar ifadələrdən çəkinməlidr. Bu onun xeyrinə işləmir, əvəzində elektoral bazası zəif müxalifətə tərəf yönələ bilər”.
Erməni müxalifətinin birləşməsinə gəldikdə, konfliktoloq Paşinyanın əsas opponentləri olan Samvel Karapetyan, Qaqik Sarukyan və Robert Köçəryanın birləşə biləcəklərinə o qədər də inanmır:
“Artıq seçkilərə 3 həftədən də az vaxt qalıb. Revanşistlər isə bu günə qədər birləşmə istiqamətində hər hansı bir real addım atmayıblar. Bu da onu göstərir ki, onlar hər halda prosesdə ayrı-ayrılıqda iştirakda maraqlıdır. Amma ola bilsin son anda Kremldən gələn təlimat əsasında birləşsinlər. Bu ehtimalı da tam olaraq kənara atmaq olmaz. Qüvvələri birləşdirib daha böyük güclə meydana gəlmək onların imkanlarını artıra bilər”.
Ekspertin sözlərinə görə, Moskva siyasi baxımdan İrəvana əvvəlki kimi ciddi təsir gücünə sahib deyil:
“Paşinyanın əli güclüdür. ABŞ və Avropa Birliyi ona dəstək verir. Lakin bu qələbə çətin olacaq. Ona qarşı hətta terror təhdidi də var. Rusiyaya gəldikdə, bu ölkə əvvəlki kimi Ermənistandakı siyasi vəziyyətə təsir etmək gücündə deyil”.










