
Ermənilərin Xankəndi şəhərində üzərində qondarma məhkəmə prosesi keçirdiyi Kəlbəcər köçkünləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyə hazırlaşır. Bunun üçün lazım olan hüquqi sənədlər də artıq hazırdır. Müraciətdə 4 ay ərzində girov saxlanılan soydaşlarımızın erməni separatçıları tərəfindən hansı işgəncələrə mərz qaldığı dünyaya nümayiş etdiriləcək.
“Görün düşmən nə qədər qudurub ki, mənim vətəndaşımı tutub mənim ərazimdə ”mühakimə" edir, deyir “güllələyəcəyik...”"
Lent.az-ın məlumatına görə, Dilqəm Əsgərovun ailə üzvləri İTV-yə bildiriblər ki, dünya ictimaiyyəti də Kəlbəcərdə - öz doğma torpaqlarında erməni silahlıları tərəfindən girov götürülən həmyerlilərimizə qurulan saxta və qondarma məhkəməyə biganə qalmamalıdır. Avropa İnsan Haqları Məhkəməsinə ünvanlanacaq müraciətin əsas məğzi də məhz bu çağırışdan ibarətdir. “Biz Xankəndində Dilqəmin və Şahbazın üzərində qurulan məhkəməni qanunsuz sayırıq. Onlar günahsız ittiham olunurlar, biz o məhkəməni tanımırıq. Çünki nə Dilqəm Əsgərov, nə də Şahbaz Quliyev heç bir qanun pozuntusuna yol verməyib, onlar öz vətənlərinə, öz yurduna-yuvasına gediblər. Dilqəm öz anasının qəbrini ziyarət etməyə gedib. Ona görə də qondarma Dağlıq Qarabağ Respublikasında qurulan məhkəməni heç Dilqəm də tanımır, biz də tanımırıq, heç bir dövlət də tanımır” - deyə, Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova bildirib.
Bu arada Milli Məclisin sədr müavini Bahar Muradova girovların ailə üzvlərinin Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək istəmələrini dəstəkləyib. Vitse-spiker bildirib ki, bu, tam qanunidir: “Müraciətin ünvanlandığı beynəlxalq təşkilatların da bu məsələni icraata götürməsi eyni şəkildə qanunidir”. B.Muradova ABŞ hökumətini də məsələdə iki standartlarla yanaşmaqda ittiham edib. O qeyd edib ki, erməni separatçılarının girovlar üzərində keçirdiyi qondarma məhkəmədən ABŞ hökumətinin xəbərsiz olması inandırıcı görünmür: “Bu məsələdə qeyri-səmimilik açıq-aşkar özünü göstərir. Neçə olar bilər ki, dünyanın ən ucqar nöqtələrində baş verən ən kiçik hadisə belə, ABŞ-a, onun Dövlət Departamentinə, müvafiq qurumlarına anındaca bəlli olur və onlar dərhal bu məsələlərə reaksiya verirlər, amma ermənilərin Azərbaycan vətəndaşları üzərində qurduğu qondarma məhkəmədən xəbərsiz olurlar?! Halbuki mən mətbuat, həm də diplomatik xətt vasitəsilə bu məsələ barədə onlara müraciətlər etmişəm. Bu gün Dövlət Departamentinin sözçüsünün ”bu barədə bizdə məlumat yoxdur" söyləməsi ABŞ hökumətinin müvafiq qurumlarının fəaliyyətini şübhə altına alır. Bunun özü də ikili standartlardan və qeyri-səmimilikdən xəbər verir". B.Muradova bir sıra beynəlxalq hüquq müdafiə təşkilatlarını da Dilqəm Əsgərovun və Şahbaz Quliyevin üzərində qurulan qondarma məhkəməyə ikili standartlarla yanaşmada ittiham edib.
***
Xəbər verdiyimiz kimi, tanınmış vəkillər Bəhruz Bayramov və Əlövsət Əliyev saxta məhkəmə prosesində iştirak etmək üçün Xankəndinə getməyə hazır olduqlarını elan edib və bu məqsədlə də XİN-ə müraciət ünvanlayıb. Maraqlıdır, XİN vəkillərin məktubunu alıbmı və bu müraciətə münasibəti nədən ibarətdir?
Moderator.az bununla bağlı XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevlə əlaqə saxlayıb. Nazirlik yetkilisi məktubların aqibətinə aydınlıq gətirməsə də, XİN-in qondarma məhkəmə prosesini tanımadığını bildirib: “Hesab edirəm ki, bu məsələ ilə əlaqədar XİN-in müvafiq açıqlamasına istinad etməyiniz daha məqsədəuyğundur. Sadəcə, bunu deyə bilərəm ki, bu qurama proses heç bir halda məhkəmə hesab oluna bilməz”.
Bu arada Ermənistan faşist xislətinə sadiqliyini bir daha nümayiş etdirib. “Yerkrapa” könüllülər birliyinin başçısı, keçmiş terrorçu və cani, hazırda isə deputat olan Manvel Qriqoryan iddia edib ki, “Arsax ərazisinə qanunsuz keçmiş” kəlbəcərli girovlar - Dilqəm Əsgərov və Şahbaz Quliyevi hərbi dövrün qanunları ilə mühakimə eləmək, yəni güllələmək lazımdır. “Mən dəfələrlə bəyan eləmişəm ki, onları mühakimə etməyə ehtiyac yoxdur, güllələmək - vəssalam. Onlar yeniyetməni öldürüblər, sərhədi casusluq niyyəti ilə keçiblər, hansı məhkəmədən söhbət gedir. Onları saxlanılan zaman öldürmək lazım idi ki, iş məhkəməyə gedib çıxmasın”, - bildirib keçmiş banda başçısı. Ermənistanın müdafiə naziri Seyran Ohanyan isə “məhkəmə prosesi”nin beynəlxalq normalara uyğun keçdiyini və “Arsaxın demokratik ölkə kimi mövcud olduğunu təsdiqlədiyini” iddia edib.
Göründüyü kimi, düşmən tərəf Kəlbəcər girovlarına güzəştə getmək niyyətində deyil və 17 yaşlı erməni gəncin ölümündə günahlandırdığı həmvətənlərimizə ən ağır cəzanın verilməsinə çalışır. Xatırladaq ki, Macarıstanda Azərbaycan bayrağını təhqir etdiyi üçün qətlə yetirilən Qurgen Markaryana görə də erməni diasporu var gücü ilə çalışıb azərbaycanlı zabit Ramil Səfərova ömürlük cəza verilməsinə nail olmuşdu. İndi isə azərbaycanlılar öz dədə-baba yurdlarında, terrorçu rejim tərəfindən “mühakimə” olunur. Bu mənada əgər Azərbaycan bütün təzyiq rıçaqlarını işə salmasa və beynəlxalq aləmin təsirli reaksiyası olmasa, ermənilər ən sərt cəzanı oxumaqdan sadəcə zövq alacaqlar. İndiki situasiyada, dayaqları laxlamış Ermənistan hakimiyyəti üçün əslində belə bir məhkəmə şousu göydəndüşmə sayıla bilər. Ona görə də düşmən bu kartdan maksimum istifadə edəcək.
Elə isə “nə etməli” sualına cavab verilməlidir. Görünən budur ki, girovlarımız 4 ay ərzində çox dəyişib, onları hətta doğmaları belə güclə tanıyır. Düşmən əlində ağır şərtlərlə saxlanılan iki azərbaycanlını müdafiə etmək üçün hətta Milli Məclisin deputatı İqbal Ağazadə də şəxsi təşəbbüslə çıxış edib və Xankəndinə getməyə hazır olduğunu bildirib. Deputat Fazil Mustafa isə bildirib ki, separatçı rejim qondarma məhkəmə keçirsə də, Rusiyadan olan, beynəlxalq aləmdə tanınan vəkillər onların müdafiəsini təşkil edə bilər. Millət vəkili Qənirə Paşayeva isə deyib ki, girov ailələrinə Avropa İnsan Haqları Məhkəməsində bu məsələni qaldırmaq üçün dəstək olmaq lazımdır. Eyni zamanda deputat Zahid Oruc Bakıda Serj Sərkisyan və digər qatillərin məhkəmə prosesinin paralel şəkildə başladılmasını təklif edib. Qarabağ qazilərinin də təklifləri var.
Keçmiş döyüşçü, Qarabağ qazisi Rey Kərimoğlu bu fikirdədir ki, təkcə girovlarımızla bağlı deyil, ümumiyyətlə, itirilmiş torpaqlarımızla bağlı hərəkətə keçməyin zamanıdır: “Məsələyə kompleks yanaşma tələb olunur. Ermənilər illərdir bizim qızıl mədənlərimizi, daş karxanalını, mərmər yataqlarını istismar edir, palıd, çinar meşələrimizi qırıb daşıyır. 1994-cü ilin 12 mayında ermənilərlə atəşkəs haqqında saziş imzalayarkən sənəddə nəzərdə tutulmamışdı ki, onlar bizim əraziləri istismar edəcəklər, sərvətlərimizi daşıyacaqlar, yaxud bu ərazilərdə qanunsuz olaraq məskunlaşma siyasəti yürüdəcəklər. Ona görə də Azərbaycan dövləti beynəlxalq aləmə müraciət ünvanlamalı, bu işləri dayandırmaq üçün düşmənə bir həftə vaxt verməli, əks təqdirdə bombardmanlara başlamalıdır. Açıq şəkildə bəyan olunmalıdır ki, mən atəşkəs sazişini ona görə bağlamamışam ki, erməni gəlsin Zəngilanda qızıl zavodu tiksin, Kəlbəcərdəki qiymətli yataqları istismar eləsin. Bu işlərin heç biri atəşkəs sazişinin predmeti deyil. Ona görə də Azərbaycan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələri dərhal döyüş hazırlığına gətirilməli, bombardmançı təyyarələr havaya qaldırılmalı, konkret hədəflər, düşmənin işğal altındakı ərazilərdə nə qədər yeni tikinti obyektləri, qanunsuz məskunlaşma ünvanları, yaxud zavodları varsa, hamısı məhv edilməlidir. Bu prosesi ona qədər davam etdirmək lazımdır ki, erməni atəşkəs rejiminə əməl etsin. İşğalçı illərdir Ağdam, Kəlbəcər, Şuşanı söküb dağıdıb, indi də yeni məskunlaşma ilə məşğuldur, Suriyadan gətirilən köçkün erməniləri mənim torpağımda yerləşdirir. Bütün dünyaya bununla bağlı müraciət etmək lazımdır. Yəhudiləri ittiham etdilər ki, İordan çayının sahillərində qanunsuz məskunlaşma ilə məşğuldur, dünya bu prosesə qarşı çıxdı. Mənim də torpağımda erməninin qanunsuz olaraq tikdiyi zavodu, saldığı qəsəbələri məhv etmək haqqım var. Söhbət heç də dinc əhalinin məhvindən yox, konkret obyektlərdən gedir”.
R.Kərimoğlu hesab edir ki, rəsmi Bakının əlində erməni vandalizminə sərt cavab verməsi üçün kifayət qədər əsaslar, faktlar var, beynəlxalq hüquq da onun tərəfindədir: “Mənim dədə-baba torpağımda ermənilər daş karxanası tikiblər, qanunsuz olaraq ora əhali köçürürlər. Vurmaq, bombalamaq lazımdır ki, bu əməllərə birdəfəlik son verilsin. Sərkisyan da qəbul edir ki, ən azı Dağlıq Qarabağ ətrafındakı 7 rayon Azərbaycanın ayrılmaz hissəsidir. Elə isə erməniyə kim verib bu haqqı ki, gəlib torpağımda tikinti işi aparır?!”
Keçmiş döyüşçü Kəlbəcər girovlarına qurulan məhkəmə şousu haqqında da ciddi addımları zəruri sayır: “Görün düşmən nə qədər qudurub ki, mənim vətəndaşımı tutub mənim ərazimdə ”mühakimə" edir, deyir güllələyəcəyik. Biz ermənilərə çox şans verdik. Nəhayət, bu məsələlərdə qəti mövqedən çıxış etməli, hücuma keçməliyik. Beynəlxalq təşkilatlardan kömək ummaq yersizdir. BMT məskunlaşma ilə bağlı heç bir araşdırma aparmayacaq.
Bunun yeganə çıxış yolu var: Azərbaycan Silahlı Qüvvələri hərəkətə keçməlidir. Erməniyə kim icazə verib ki, Zəngilanda uşaq bağçası tikir? Azərbaycan məsələni belə qoymalıdır: tikintilər dərhal dayandırılsın, tikililər sökülsün, əks təqdirdə bombardmanlar başlayacaq! Biz 94-də atəşkəs haqda razılığa gəlmişik, razılığa gəlməmişdik ki, erməni Kəlbəcərdə qızıl zavod tiksin, qırmızı mərmərimizi daşısın, qiymətli ağaclarımızı doğrasın, Ermənistandan Qarabağa ikinci yol açsın, otel tiksin. Ona görə də vurulmalıdır. Beynəlxalq ictimaiyyətə də sərt və açıq müraciət olmalıdır. Qoy BMT mənə ayrı yol göstərsin. Erməni deyir girovları güllələmək lazımdır. Azərbaycanda saxlanılan erməni girovlara güllələmə cəzasımı kəsilir? Kəsəsi, düşmənə bir həftə vaxt verilməli, dünya ictimaiyyətinə də bəyan edilməlidir ki, bir dənə mülki şəxsə güllə atmıram, yalnız konkret nöqtələri bombalayacağam. Belə olsa, Qarabağda qanunsuz yaşamaq üçün gəlməyə, yaxud burada iş qurmağa, turist səfərinə də kimsə cəsarət etməyəcək. Xəbərdarlıq olunmalıdır ki, kim gəlsə, vuracağıq. Bu, münaqişənin həlli istiqamətində pressinq də yaradar. Beynəlxalq aləmə deyilməlidir ki, zəhmət çəkin, problemi həll edin.
Azərbaycanın bombardmanları atəşkəsi pozmaq yox, erməninin pozduğu şərtlərin bərpa edilməsi olar. Bir də ki, biz Ermənistanı bombalamırıq ki. Erməni elə davranır, sanki Qarabağ işğal edilməyib, bunlar heç nə olmamış kimi turizm obyektləri tikirlər. 1994-cü ilin 12 mayındakı vəziyyət bərpa olunmalıdır".










