
Mövzuya dair dərc etdiyimiz ötən materiallarda biz artıq vurğulamışdıq ki, Gədəbəy rayonunda ən müxtəlif bəhanələrlə həyata keçirilən dövlət vəsaitlərinin mənimsənilməsi halları indiyədək görünməmiş miqyas almaqdadır. Eyni zamanda da qeyd olunmuşdu ki, bu mənimsəmələrin həyata keçirilməsində xüsusi aktivliyi ilə seçilən məmurlardan biri də RİH başçısının Gədəbəy şəhəri üzrə nümayəndəsi Şahbaz Bayramovdur. Xüsusilə təəssüf doğuran bir məqam da budur ki, rayon rəhbərliyinin daimi gəlir mənbəyi kimi yararlandığı subyektlərdən biri də Gədəbəy şəhərinin mərkəzində yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkıdır. Bu xüsusda aldığımız məlumata görə Ramiz Yediyarovun göstərişinə əsasən həmin park guya ki, ildə bir dəfə təmir olunur. Hər belə növbəti “təmir” isə əlbəttə ki, külli-miqdarda silinmələr və mənimsəmələrlə müşayiət olunur.
Bildirilir ki, bir müddət əvvəl sözügedən parkda 10 ədəd heyvan heykəlinin yerləşdirilməsi dövlətə nə az, nə çox düz 850 min manata “başa gəlib”. Həmçinin ötən saylarımızdan birində də qeyd olunduğu kimi, rayon mərkəzində quraşdırılmış saat kompleksi də kifayət qədər dövlət vəsaitlərinin silinməsinə əlverişli imkan yaratmışdı. Mənbələrin verdiyi məlumata görə inşasına cəmi 400 ədəd daşın işləndiyi bu kompleksin smeta dəyəri 700 min manat məbləğində müəyyənləşdirilmişdi. Ən maraqlısı da budur ki, göstərilən pulların büdcədən ayrılmasına rəğmən, əslində bu kompleksin tikintisini Vergilər Nazirliyinin yüksək vəzifəli məmurlarından biri öz hesabına həyata keçirib.
Lakin aldığımız məlumatlardan bəlli olur ki, Gədəbəy RİH başçısının bəzi kənd ərazi nümayəndələri də Şahbaz Bayramovdan qətiyyən geri qalmırlar. Belə ki, mənbələr bu yaxınlarda Ağamalı kənd icra nümayəndəliyinə abadlıq-quruculuq işlərinin görülməsi məqsədilə 120 min manat vəsaitin ayrıldığını bildirirlər. Təbii ki, bu vəsaitin də aqibəti silinmə və mənimsəmədən başqa bir şey olmayıb.
Ümumiyyətlə isə nə Gədəbəy şəhərində, nə də rayonda Ramiz Yediyarovun maliyyə maxinasiyaların subyekti kimi çıxış etməyəm hər hansı təşkilat və ya müəssisə tapmaq olduqca müşkül məsələdir. Belə ki, məlumatlara görə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına ildə dörd dəfə, yəni hər rübdə xəstələrə pulsuz paylanması nəzərdə tutulan dərman vasitələrinin alınması üçün 80 min manat vəsait ayrılır. Bu pullar isə şəhərdə fəaliyyət göstərən iki aptek vasitəsilə törədilən maxinasiyalar hesabına silinib mənimsənilir. Eyni zamanda da RMX-nın ərzaq təminatı ilə bağlı keçirilən tenderi məmurlardan birinə məxsus olan saxta MMC “udub”. Təbii ki, bu da əlavə on min manatlarla vəsait deməkdir.
Artıq qeyd olunduğu kimi xüsusi “məhsuldarlığı” ilə seçilən maxinasiya subyektlərinə misal kimi Gədəbəyin uşaq bağçalarını da göstərmək lazımdır. Belə ki, hər bağçadan təkcə uşaqlar üçün nəzərdə tutulmuş ərzaq pullarının mənimsənilməsindən əldə olunan “xalis gəlir” ayda 7 min manat təşkil edir. Qış mövsümündə isə hər bağçaya dörd maşın odun yanacağı da ayrılır ki, bu da əlavə aylıq 1,6 min manat deməkdir. Həmçinin yeni aldığımız daha bir məlumatda Gədəbəy şəhər 2 saylı uşaq bağçası ilə bağlı maraqlı açıqlama təqdim olunur. Bildirilir ki, bu yaxınlarda həmin bağçaya sənədlərə əsasən biri 550 manata olmaqla 16 ədəd uşaq çarpayısı alınıb. Amma bu günə qədər nə həmin çarpayıları görən var, nə də onların alınmasına silinmiş 8 min 800 manatın aqibətini bilən. Təbii ki, rayon rəhbərliyi istisna olmaq şərtilə.
Daha sonra məlumatlarda bildirilir ki, bu gün rayonda fəaliyyət göstərən, daha doğrusu adı olan 137 kitabxanadan heç biri faktiki olaraq işləmir. Bununla belə bu kitabxanaların hər birinə aylıq təsərrüfat xərcləri, təmir xərcləri, yanacaq və digər məsrəflər üçün külli-miqdarda vəsait ayrılır. Eyni vəziyyət rayonun tibb məntəqələrində də müşahidə olunmaqdadır. On səkkiz küçədən ibarət Gədəbəy şəhərində zibilin daşınmasına isə ayda 7 min manat vəsait ayrılır. Halbuki məişət tullantılarının daşınması şəhərin gündəmində duran 1 nömrəli problemlərdən biridir.
Ramiz Yediyarovun mənimsəmə sxemlərinə daxil olan sahələrdən biri də köhnə tikililərin yenidən “inşası” ilə bağlı maxinasiyalardır. Bu xüsusda məlumatlarda bildirilir ki, hazırda rayonun Mədəniyyət və Turizm Şöbəsinin yerləşdiyi bina hələ 1985-ci ildə inşa olunub və əvvəllər həmin binada kənd təsərrüfatı işçilərinin həmkarlar ittifaqının rayon komitəsi yerləşib. Bir müddət əvvəl isə bina təmir olunaraq, sənədlərdə yeni tikili kimi təqdim edilib. Bu maxinasiyanın sayəsində isə büdcədən 3 milyon manat vəsait silinərək mənimsənilib.
Eləcə də artıq xeyli vaxtdır ki, Uşaq Yaradıcılıq Mərkəzi üçün tikilərək istifadəyə verilmiş bina da sənədlərdə hələ də inşa olunan obyekt kimi göstərilir. Bu “inşaatı” həyata keçirən MMC-nin hesabına isə mütəmadi olaraq pullar keçirilir.
Məlum olduğu kimi hal-hazırda Gədəbəy rayonunda Hesablama Palatası tərəfindən təftiş aparılır. Hətta ötən saylarımızdan birində belə bir məqam vurğulanmışdı ki, Ramiz Yediyarov rayonda bəyan edib ki, komissiyanın Gədəbəyə gəlməsindən bir qədər əvvəl o, özü Hesablama Palatasına vasitəçilər göndərib. Bu vasitəçilər isə guya ki, HP-nın rəhbərliyi ilə müəyyən razılıq əldə edə biliblər. Buna görə də rayonda gedən yoxlamalar elə bir ciddi qanun pozuntuları “aşkar etməyəcək”. Əlbəttə ki, biz də hamı kimi bu iddiaların quru böhtandan başqa bir şey olmadığı qənaətindəyik. Digər tərəfdən isə rayondan aldığımız məlumatlara görə Gədəbəydə həqiqətən də korrupsiya hallarına qurşanmış müəssisələrdən HP adına vəsaitlər yığılmaqdadır. Eyni zamanda da yoxlamaların artıq neçə gün davam etməsinə baxmayaraq, komissiya üzvləri hələ də nə DSMF-nin rayon şöbəsində, nə Mədəniyyət və Turizm Şöbəsində, nə də heç bir digər sahədə qanun pozuntuları aşkar etməyiblər. Yeri gəlmişkən qeyd edək ki, əməkdaşlarımız bütün bunlarla bağlı bəzi suallara cavab almaq məqsədilə Hesablama Palatası ilə telefon əlaqəsi də saxlayıblar. Lakin nə qurumun mətbuat xidmətinin rəhbəri, nə də HP sədrinin köməkçisi Seymur müəllim əməkdaşımıza açıqlama vermək istəməyiblər. Daha dəqiq desək, həmin şəxslər Gədəbəydə gedən proseslərə dair suallarımızı cavablandırmaqdan açıq-aşkar yayınıblar. \\ bizimdovr.az \\










