Yay mövsümünün qızğın çağında paytaxt və ətraf yerlərin çimərliklərində vətəndaşların üzləşdiyi problemlər yenidən gündəmə gəlib. Bu dəfə narazılıqlar Novxanı və Buzovna çimərliklərindən gəlir.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər Novxanı çimərliyi ətrafında maşınların hərəkətinə maneələrin yaradıldığını göstərir.
Sumqayıt və Novxanı sakinlərinin sözlərinə görə, çimərlik ərazilərinə gedən yollarda dərin yarğanlar qazılıb. Nəticədə vətəndaşlar şəxsi avtomobilləri ilə sahilə yaxınlaşa bilmir, çimərlik ərazisinə giriş isə faktiki olaraq mümkünsüzləşir.
Sakinlər iddia edirlər ki, yaradılan süni maneələrin əsas məqsədi insanları çimərlikdə fəaliyyət göstərən obyektlərin xidmətlərindən istifadə etməyə məcbur etməkdir. Onların fikrincə, avtomobillə sahilə yaxınlaşmaq imkanı olmayan vətəndaşlar məcbur qalaraq obyektlərin təqdim etdiyi “besetka”larda əyləşirlər.
Vətəndaşların sözlərinə görə, bəzi hallarda yalnız “besetka”da oturmaq üçün 20 manat ödəniş tələb olunur. Qida və digər sifarişlər isə əlavə xərc yaradır. Beləliklə, dəniz kənarında istirahət etmək istəyən ailələr əlavə maliyyə yükü ilə üzləşirlər.
Narazılıqlar bununla da bitmir. Oxşar vəziyyətin Bakıətrafı digər çimərliklərdə də müşahidə olunduğu bildirilir.
Belə ki, Buzovna çimərliklərində avtomobillə əraziyə daxil olmaq istəyən şəxslərdən 1 manat ödəniş tələb edilir. Vətəndaşların sözlərinə görə, ödəniş etməyən sürücülər üçün girişdə quraşdırılan "şlaqbaum"lar açılmır.
Ərazidə çalışan şəxslər isə bildirirlər ki, toplanan vəsait çimərlikdə təmizlik işləri aparan fəhlələrin əməkhaqqına və ərazinin saxlanılmasına yönəldilir.
Bununla belə, sakinlər hesab edirlər ki, ictimai istifadədə olan çimərliklərə girişin müxtəlif üsullarla məhdudlaşdırılması və ya ödənişli hala gətirilməsi qanunvericiliyə uyğun deyil. Onlar aidiyyəti qurumları məsələni araşdırmağa və çimərliklərdən sərbəst istifadənin təmin olunmasına çağırırlar.








