“Yuxuda özümü ancaq səhnədə görürəm. Qəfil ayılıram, görürəm ki, yuxudur, gerçək deyil. “Şükriyyə” tamaşasındakı Zöhrə obrazım üçün darıxmışam. “Manqurt” tamaşasında Nayman ana rolumu çox sevirəm. Bu rol üçün də darıxmamışam desəm yalan olar. Ümid edirəm və inanıram ki, tezliklə teatra qayıdacam. Bu müddət ərzində mənə nə film, nə də ki, seriallardan dəvət gəlib. Müraciətlərimin cavabsız qalmayacağına inanıram və ümidim böyükdür”.
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Mehriban Xanlarova deyib.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Xalq artisti Əbdül Mahmudbəyov deyir ki, Mehriban Xanlarovaya görə Mədəniyyət Nazirinə müraciət ünvanlayıb, amma...
“Mehriban Xanlarova öz ərizəsi ilə işdən çıxıb. O teatrda Mehribanın düşmənləri, onu istəməyənlər də var. Bu elə bir haldır ki, gərək nazir tapşırsın yaxud da digər aidiyyatı qurumlar bu məsələni həll etsinlər. Niyə ərizə yazıb çıxırdın axı! Nə edəcəkdilər sənə? Başqaları yazmadı, təkcə o yazdı.. Gərək səbirli olardı.. Mehriban Xanlarovanı müdafiə etmişəm, edəcəyəm də. Mehriban Xanlarovaya bunu məsləhət görə bilərəm ki, bir hüquqşünasla danışsın, işdən öz ərizəsi əsasında çıxmağını əsaslandırsın, ərizə yazdığı gün əsəbi olduğunu, psixoloji təsirə məruz qaldığını bildirsin və imza toplasın. Mən özüm də ora imza ataram. Lap lazım olarsa imzalar da toplayaram. Bir neçə deputat yoldaşdan, sənətkarlardan da xahiş edərəm ki, onlar da imza atsınlar. Mən ümid edirəm ki, müraciət və imzalar ona kömək olacaq. Yaxşı və konkret məktub hazırlanmalıdır” deyə o bildirib.
Xalq artisti Əli Nurun mövzuya münasibəti belə olub:
“Burada pərdəarxası məqamlar var. Mən bu məsələnin içindəyəm, hamısını bilirəm. Amma elə şeylər var ki, onları mətbuata deyə bilmərik. Burada mövzu çox qəlizdir.
Hər şey cənab nazirdən asılıdır” deyə o bildirib.
Qeyd edək ki, Mehriban Xanlarova bir neçə gün əvvəl 92 yaşlı anası ilə ölkə başçısına müraciət edib.








