Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) ikinci prezident Robert Koçaryana qarşı cinayət təqibinin başlanmasına icazə verib.
Ermənistan mediasının xəbərinə görə, bu barədə MSK-nın iclasından sonra vəkil Aram Orbelyan jurnalistlərə bildirib.
“Komissiya cinayət təqibinə icazə verdi”, - Orbelyan deyib.
O qeyd edib ki, ittiham vəzifə səlahiyyətlərindən sui-istifadə, çirkli pulların yuyulması ilə bağlıdır.
Qeyd edək ki, Ermənistan Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyasına ölkənin 2-ci prezidenti, "Ermənistan" blokunun lideri Robert Koçaryana qarşı cinayət təqibinin başlanmasına icazə verilməsi üçün vəsatət təqdim edib. Koçaryandan başqa deputatlığa namizədlər Asatur Koçaryan və Ruslan Barseqyanın da toxunulmazlığının ləğv edilməsi üçün MSK-ya müraciət olunub.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın sabiq prezidenti Robert Koçaryan Zvartnots hava limanından ölkəni tərk etməyə cəhd edib. Məlumata görə, hüquq-mühafizə orqanları buna mane olaraq onun ölkəni tərk etməsinin qarşısını alıb.









