Hindistan 2022-ci ildən etibarən Rusiya neftini ucuz və əlverişli qiymətə görə alıb və bu addım qlobal enerji qiymətlərinin sabit saxlanılması məqsədilə ABŞ-ın istəyi ilə atılıb.
Yeniavaz.com “The Economic Times”ə istinadən xəbər verir ki, bu barədə Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar məlumat verib.
Nazirin sözlərinə görə, Vaşinqton həmin dövrdə beynəlxalq neft bazarında qiymətlərin kəskin artmasının qarşısını almaq üçün birbaşa Yeni Dehlidən Rusiya xam neftinin alışını davam etdirməyi istəyib. O bildirib ki, bazarda mövcud neftin əhəmiyyətli hissəsi Rusiya mənşəli idi və eyni zamanda Avropa ölkələri Hindistanın ənənəvi enerji təchizatçıları hesab olunan Yaxın Şərq ölkələrinin ehtiyatlarına yönəlmişdi.
Cayşankar bu açıqlamanı Finlandiyanın Kultaranta şəhərində keçirilən tədbirdə səsləndirib. O qeyd edib ki, yaranmış geosiyasi və enerji bazarı şəraiti Hindistanı alternativ seçimlər etməyə məcbur edib. Nəticədə ölkə Rusiya neftinin ən böyük alıcılarından birinə çevrilib.
Hindistan XİN rəhbəri çıxışı zamanı ABŞ-nin Rusiya neftinə tətbiq etdiyi sanksiyaları da tənqid edib. O bildirib ki, məsələyə “böyük prinsiplər” və ya həddindən artıq mənəvi yanaşma prizmasından baxmaq düzgün deyil. Nazir vurğulayıb ki, Vaşinqtonun bir tərəfdən məhdudiyyətlər tətbiq etməsi, digər tərəfdən isə Hindistanın Rusiya nefti almasını təşviq etməsi ziddiyyətli yanaşma təsiri bağışlayır.









