Ağdaş Rayon Mərkəzi Xəstəxanasının iki həkimi cinayət məsuliyyətinə cəlb olunub.
Xitab24.az-ın əldə etdiyi məlumatına görə, səhiyyə ocağının həkimləri zərərçəkmiş şəxsin qanunsuz olaraq hərbi xidmətə cəlb edilməsində vəzifə səhlənkarlığına yol veriblər.
Söhbət xəstəxananın iki həkimi İsmət Q və İradə Əfəndiyevadan gedir.
Məsələ burasındadır ki, "Öd kisəsinin polipozu. Beta heteroziqot talessimiya. Zəif qidalanma" xəstəliyindən əziyyət çəkən gənc çağırışçı hərbi xidmətə yararlıq dərəcəsinin müəyyən edilməsi məqsədilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasında hərbi-həkim komissiyasından keçib.
Bu zaman gəncin atası həkim-terapevt İsmət Q. doktora oğlunun həqiqi hərbi xidmətə çağırılmamışdan əvvəl öd kisəsinin polipləri xəstəliyindən müalicə olunmasını deyib. Valideynin övladının hərbi xidmətə yararsız olmasına səbəb olan "Öd kisəsinin polipozu" xəstəliyinin daha öncə aparılan USM müayinələrində təsdiq olunmasına dair tibbi sənədləri həkimə təqdim etsə də, təqsirləndirilən şəxs tibbi sənədlərə məhəl qoymayıb.
Gənci təkrar müayinəyə cəlb etməyən həkim çağırışçının qanunsuz olaraq müddətli həqiqi hərbi xidmətə çağırılmasına dair müsbət rəy verib.
Bundan sonra əsgər Ağayev Dövlət Sərhəd Xidmətinin Cəbrayıl rayonunda yerləşən N saylı hərbi hissəsinə xidmətə yollanıb.
Zərərçəkmiş şəxs bir neçə ay gənc əsgər kimi həmin hərbi hissədə xidmət etdikdən sonra başqa hərbi hissəyə göndərilmiş və burada qarın nahiyəsində olan ağrılar səbəbindən DSX-nin hərbi hospitalına yerləşdirilib.
Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının hərbi-həkim komissiyasının tərəfindən keçirilən müayinə zamanı əsgərin həqiqətən xəstə olduğu, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməli olduğunu müəyyənləşdirib.
İradə Əfəndiyevanın məsuliyyətə cəlb olunmasına səbəb isə onun tərəfindən aparılan ultrasəs müayinəsində "Öd kisəsinin polipozu" xəstəliyini aşkar etməməsi olub. Təkrar müayinədə ehtiyac duymayan İradə həkim zərərçəkənin hərbi xidmətə yararlı hesab edilməsi barədə tibbi rəy tərtib olunmasına səbəb olub.
Həmin rəy əsasında əsgər Ağayev qanunsuz olaraq müddətli həqiqi hərbi xidmətə çağırılıb və xidmət aparmaq üçün Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinə göndərilib.
Məhkəmədə ifadə verən hərbi-həkim komissiyasının baş həkimi, təqsirləndirilən İsmət Q. bildirib ki, müayinə zamanı nə zərərçəkənin özü, nə də atası əziyyət çəkdiyi xəstəlik barədə ona məlumat verməyib. İradə həkim isə ciddi nöqsanı Ağayevin müayinə ac qarına gəlməməsi ilə əlaqələndirib.
Məhkəmənin hökmünə əsasən, Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə ittiham olunan hərkimləri hər biri 2000 manat məbləğində cərimə olunublar.










