Azərbaycanda hər il müəyyən dövrlərdə əfv sərəncamlarının imzalanması cəmiyyətdə geniş müzakirələrə səbəb olur. Xüsusilə may ayı həm Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü, həm də Respublika Günü kimi əlamətdar tarixlərlə yadda qaldığı üçün bu məsələ daha çox aktuallaşır. Humanist addım kimi qiymətləndirilən əfv qərarları bir tərəfdən sosial həmrəyliyi gücləndirir, digər tərəfdən isə müxtəlif qrupların gözləntilərini artırır. Bəs bu il may ayında əfv sərəncamı imzalana bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, əfv fərmanı Prezidentin səlahiyyətində olan məsələdir və istənilən vaxt imzalana bilər.
“Bu cür sərəncamlar adətən cəmiyyətdə həmrəyliyin gücləndirilməsi, sosial narazılıqların azaldılması və humanist dəyərlərin təşviqi məqsədi daşıyır.
Əfv sərəncamlarının daha tez-tez verilməsi müsbət təsir göstərə bilər.
Daha az ictimai təhlükəli əməllər törətmiş şəxslərin ailələrinə qovuşması cəmiyyət üçün də faydalıdır. Bu, həm sosial mühitə müsbət təsir edir, həm də humanizm prinsipini gücləndirir”.
Partiya sədri əlavə edib ki, beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin də əfv siyahısında yer alması vacib məqamlardan biridir.
“Belə addım ölkə daxilində barışıq mühitinin formalaşmasına töhfə verə bilər, eyni zamanda xarici təzyiq arqumentlərini zəiflədər.
Arzu edərdik ki, əfv sərəncamı imzalansın və daha çox insan bu siyahıya düşsün. Xüsusilə gənc jurnalistlər, ictimai-siyasi fəallar arasında olan şəxslərin də azadlığa çıxması cəmiyyət tərəfindən müsbət qarşılanar”, – deyə Tural Abbaslı vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda əfv sərəncamları konkret tarixlərə bağlı olmasa da, adətən mühüm günlər ərəfəsində imzalanması halları müşahidə olunur.









