Son illər Azərbaycanda, xüsusilə sosial şəbəkələrdə və onlayn satış səhifələrində “möhtəşəm endirim”, “son gün kampaniyası”, “maya dəyərinə satış”, “70 faiz ucuzlaşma” kimi elanların sayı xeyli artıb.
İlk baxışda sərfəli görünən bu təkliflərin bir hissəsi əslində satış hiyləsi və psixoloji təsir üsuludur. İnsanlar endirim etdiyini düşündükləri məhsulu bəzən əvvəlkindən daha baha qiymətə alırlar.
Bəs bu cür yalançı endirim kampaniyalarına aldanmamaq üçün nə etmək lazımdır?
“Azad İstehlakçılar”İctimai Birliyinin sədri Eyyub Hüseynov “Cebheinfo.az”-a bildirib ki, bütün dünyada və bütün zamanlarda alıcılar, istehlakçılar həmişə hədəfdə olublar:
“Çünki alıcı təkdir, istehsalçı və satıcı isə böyük qrupdur, onların arxasında böyük məbləğdə pul və maraq dairələri dayanır. Bütün dünyada istehlakçılar sanki “minalanmış” ərazidə gəzir.
Baxmayaraq ki, sahibkarların özü də istehlakçıdır və təsadüfi deyil ki, ən böyük sahibkarlardan belə təşkilatımıza şikayətlər daxil olur. Yəni sahibkarlar özləri də istehlakçı olaraq “minalanmış” ərazidə gəzir.
Aldanmaların minlərlə yolu var. Onlardan biri də endirim kampaniyalarıdır və bu problem bütün dünyada yaşanır. Nazirlər Kabinetinin 94 saylı qərarına görə, malların üzərində maddi məsul şəxsin imzası olan qiymət sənədi olmalıdır.
İstehlakçının hüququ var ki, malın ilkin qiymət sənədini satıcıdan tələb etsin. Lakin Azərbaycanda satılan malların təxminən 80 faizinin satış şəbəkəsində heç bir sənəd olmur. Deyirlər ki, sənəd müdirdədir və ya ümumiyyətlə yoxdur.
Belə olan halda istehlakçı tələnin daha dərin hissəsinə düşür. Bu istiqamətdə qanunvericilik möhkəmləndirilməlidir ki, istehlakçılar bu bəlalardan uzaq olsunlar.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun 1995-ci ildə qəbul olunub. Bundan sonra qanuna edilən bəzi dəyişikliklər istehlakçıların zərərinə olub. Belə bir şəraitdə istehlakçı hüquqlarını qoruyan qurumların da zəif işlədiyi halda, əlbəttə ki, istehlakçılar daim aldadılırlar.
Bütün hallarda istehlakçılar aldadıcı reklam kampaniyaları ilə rastlaşdıqları zaman bunun şəkillərini çəkməli, kassa çekini saxlamalı və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etməlidirlər.
Təsadüfi deyil ki, 2025-ci ildə Ombudsmanın məhz Milli Məclisə təqdim olunan 101 səhifəlik hesabatında bir kəlmə belə, istehlakçı sözü keçməyib. Halbuki istehlakçı hüquqları ən çox pozulan insan hüquqlarından biridir. Bu il də dinləmə keçirildi, lakin çıxışın məzmunu ictimaiyyətə açıqlanmadı”.
E. Hüseynov qeyd edib ki, Ombudsman Aparatının nümayəndəsinin dediyinə görə, bu ilki hesabata istehlakçı hüquqları ilə bağlı bənd daxil edilib, təəssüf ki, sonda bunu görmək mümkün olmayıb.










