Milli Məclisin deputatı Razi Nurullayev tikinti şirkətlərinin vətəndaşları aldatması ilə bağlı məsələlərə toxunub.
Gununsesi.info bildirir ki, o, yarımçıq qalan tikililərin sayının artdığını, MTK-ların məsuliyyətsiz fəaliyyəti ucbatından minlərlə vətəndaşın illərlə evinə köçə bilmədiyindən danışıb:
“Yarımçıq qalan tikililər əsasən MTK-ların məsuliyyətsizliyi, maliyyə çatışmazlığı və ya birbaşa rəhbərliyin intizamsızlığı səbəbindən yaranır. Təəssüf ki, bu gün də vətəndaşlar aldadılır. Bir çox tikinti şirkəti öhdəliklərini yerinə yetirməyərək binaları yarımçıq vəziyyətdə qoyub.
Elə vətəndaşlar var ki, mənzil üçün ödənişi tam etsələr də, artıq 5 ildir, 10 ildir, hətta daha uzun müddətdir ki, evlərinə köçə bilmirlər. Halbuki həmin insanlar illərlə topladıqları vəsaiti MTK-lara ödəyərkən onlara 2–3 il ərzində mənzillərində yaşayacaqları vəd edilmişdi”.
Deputat deyib ki, tikintiyə başlamazdan əvvəl MTK bank zəmanəti və ya sığorta təminatı təqdim etməlidir.
“Tikinti yarımçıq qaldığı halda isə həmin təminat hesabına bina tamamlanmalıdır. Bu, dünyada qəbul olunmuş mexanizmdir. Eyni zamanda vətəndaşların vəsaitinin qorunması da son dərəcə vacibdir.
Beynəlxalq praktikada vəsaitlər birbaşa MTK-ya deyil, xüsusi açılmış depozit hesabına köçürülür və bu pulların bank hesabından çıxarılmasına yalnız tikintinin mərhələlərinə uyğun olaraq icazə verilir. Təəssüf ki, bu mexanizmi sivil dünyada tətbiq olunduğu formada hazırda Azərbaycanda tam şəkildə həyata keçirmək mümkün olmur. Ola bilsin ki, buna tikinti şirkətlərinin mövcud maliyyə imkanları da imkan vermir.
Amma istənilən halda vətəndaşların hüquqlarının qorunması üçün onların ödədikləri vəsaitlərin dövlət zəmanətinə alınması son dərəcə vacibdir. Belə olduğu təqdirdə, tikinti yarımçıq qalarsa, ən azından vətəndaş öz pulunu xilas edə bilər.
Bu məsələ ilə bağlı yenidən çıxış edəcəyəm. Hesab edirəm ki, bu yanaşma birbaşa vətəndaşların xeyrinədir, eyni zamanda Azərbaycanda biznes mühitinə müsbət təsir göstərər və ümumilikdə tikinti sektorunda mövcud problemlərin həlli baxımından çox vacibdir”.










