Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən İqbal Rəhimovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə onun cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.
İttiham aktına əsasən, İqbal Rəhimov 02 sentyabr 2025-ci il tarixdə, saat 18:00 radələrində, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən “ECO Park” yaşayış kompleksində tikintisi davam edən binanın içərisində ustalıq fəaliyyəti ilə məşğul olarkən şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törədib.
Belə ki, təqsirləndirilən şəxs həmin yerdə birgə işlədiyi tanışı, usta Nəğmət Əşrəfovla (adı, soyadı şərtidir) iş vaxtı zarafat edib. Sonra o, əsəbiləşərək onunla mübahisə edib. Bu zaman İqbal zərərçəkmişin üzərinə hücum edib, əvvəlcə baş (sifət) nahiyəsinə başı (kəllə) ilə zərbə vuraraq onun arxası üstə yerə yıxılmasına səbəb olub. Daha sonra yerə yıxılmış zərərçəkmiş şəxs ayağa qalxdıqda, təqsirləndirilən şəxs əl və yumruqla onun sifət və baş nahiyələrinə ardıcıl zərbələr endirib. Nəticədə, Nəğmətdə başın ənsə nahiyəsində hematoma (dərialtına qansızma), burun tənəffüsünün sağ tərəfdə pozulması ilə müşayiət olunan burunüstü nahiyənin şişkinliyi və qançırı, həmçinin alt dodaq yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yaranıb.