Rusiyanın tanınmış politoloqu Sergey Markov “xarici agent”lər siyahısına salınıb. Bu barədə Musavat.com xəbər verir. Artıq onun “xarici agent”lər siyahısına daxil edilməsi ilə bağlı bir sıra detallar məlum olub. Modern.az-ın yaydığı məlumata görə, bu qərarın səbəbi onun Xankəndidə keçirilən III Şuşa Qlobal Media Foumunda iştirakı ilə bağlıdır.
Xatırladaq ki, 19 iyulda Xankəndidə keçirilən forumda Azərbaycan Prezidenti İlham Əliyev iştirakçıların suallarını cavablandırmış, Markov isə tədbirdən sonra verdiyi açıqlamada Prezident Əliyevi “müasir dövrün ən təcrübəli liderlərindən biri” adlandırmışdı: “Dünyada müharibədə qələbə qazanan, ərazi bütövlüyünü tam bərpa edən o qədər də çox dövlət yoxdur. Bir çox dünya liderləri bu qələbənin sirrini öyrənmək və bu təcrübəni mənimsəmək istəyərdilər”.
Onu da bildirək ki, “Kommersant”ın Rusiya prezident administrasiyasındakı mənbəsi də məlumatı təsdiqləyib. Mənbə bildirib ki, Markovun xarici agentlərin reyestrinə salınması iyulda keçirilən forumla əlaqəlidir.
Maraqlıdır ki, həmin forumda iştirak edən digər rusiyalı media nümayəndələri də təzyiqlərlə üzləşiblər. TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman tədbirdən sonra vəzifəsindən uzaqlaşdırılıb. İndi isə Markov “xarici agent” elan olunub.
Markov özünün Telegram kanalında bildirib ki, ona qarşı hücumlar Rusiyanın düşmənləri və Putinin ətrafındakı siyasətçilər tərəfindən təşkil olunur: “Gələcəkdə onlar ya satqın kimi ifşa olunacaqlar, ya da korrupsioner məmur kimi işdən çıxarılacaqlar. Mən xarici agent deyiləm. Bunu hamı bilir. Mən 25 il ərzində Putinin siyasətini dəstəkləmişəm və indi də dəstəkləyirəm. Mən Kanadanın sanksiyaları altındayam”.
Rusiyada hər hansı şəxs və ya təşkilat “xarici agent” siyahısına salındıqda, bütün çıxış və yazılarında bu statusu göstərməyə məcbur olur. Onlara əlavə maliyyə hesabatlılığı öhdəlikləri qoyulur və qanun pozuntusu halında cərimə və hətta cinayət məsuliyyəti nəzərdə tutulur. Ekspertlər hesab edirlər ki, bu addım həm də ictimaiyyətdə həmin şəxslərin “xarici təsir altında olduğu” təsəvvürünü yaratmaq məqsədi güdür.
Azərbaycanın dostlarına təzyiq - siyahı böyüyür
Markov uzun illərdir Azərbaycanın dostu kimi tanınır. Onun obyektiv mövqeyi və təhlilləri Bakıda da yüksək qiymətləndirilir. Amma təzyiqlər yalnız onunla məhdudlaşmır. Azərbaycanın mövqeyini dəstəkləyən başqa rusiyalı ekspertlər, məsələn, Maksim Şevçenko da gündəmdədir.
Sual açıq qalır: Rusiyanın növbəti hədəfi kim olacaq? Markovun həbsi gündəmə gələ bilərmi? Azərbaycanın dost ekspertləri necə müdafiə olunacaq?
Politoloqlar və deputatlar hesab edirlər ki, Azərbaycan artıq dostlarının arxasında dayanmalı və bu cür siyasi təzyiqlərə qarşı mövqeyini açıq şəkildə ortaya qoymalıdır...
Parlamentin üzvü, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, Markovun “xarici agent” siyahısına salınması siyasi motivli qərardır: “Onun bu siyahıya düşməsinin əsas səbəbi birmənalı olaraq hər zaman Azərbaycan həqiqətlərinə obyektiv yanaşmasından qaynaqlanır. Markovun cənab Prezident İlham Əliyevin qətiyyətini, sərkərdəlik bacarığını yüksək dəyərləndirməsi, Azərbaycanın ədalətli mövqeyini açıq şəkildə müdafiə etməsi bəzi dairələri qıcıqlandırıb. Rusiya Cənubi Qafqazdakı və daxildəki siyasi uğursuzluqlarını xarici faktorlarla əlaqələndirməklə ölkə ictimaiyyətini manipulyasiya etməyə çalışır. Təbii ki, burada Şuşa Qlobal Media Forumunda iştirak edən TASS Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın işdən azad olunması, Sergey Markovun hədəf seçilməsi ön planda qərarlaşır. Bütün bunlar isə Azərbaycanın çoxvektorlu, balanslaşdırılmış və müasir siyasi sistemin reallıqları fonunda həyata keçirdiyi strateji aktivliyə təzyiq göstərmək üçün görülən işlərdir”.
Deputat Markovun tək olmadığını söylədi: “Rusiyada Azərbaycanın mövqeyini obyektiv işıqlandıran və ictimaiyyətə ədalətli mövqe çatdıran ekspertlər sırasında Maksim Şevçenko da var. Əgər bu proses davam edərsə, Azərbaycan həqiqətlərini müdafiə edən digər ekspertlərin də ”xarici agent" elan edilməsi mümkündür".
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayevin qənaətinə görə, Azərbaycan həmin şəxsləri müdafiə edərsə, onların həyatına təhlükələr yarada bilər: “Markovun xarici agent elan olunması və bunu Şuşa Media Forumunda iştirak edib, ölkəmizi və Azərbaycan Prezidentini tərifləməsi ilə əsaslandırmaları gülünc addımlardır. Bu artıq Rusiya idarəçiliyində sağlam düşünən insanların günü-gündən azalmasına işarədir. Rusiyada xarici agentlərlə bağlı qanun var, bu, normaldır. Amma qanunun hansı şəkildə, necə tətbiq olunması heç kimi maraqlandırmır. Bununla da məsələ guya qanunauyğun qəbul olunur, əslində kökündən yanlışdır, qanuna daban-dabana ziddir. Markov Azərbaycana gəlişi, Media Forumda iştirakı, ölkəmizlə bağlı isti sözləri ilə Rusiyanın hansı qanunlarını pozub? Bu ilin əvvəllərinə qədər Rusiya siyasətçiləri, politoloqlar, hətta Kremlin sözçüləri Azərbaycan haqqında zaman-zaman müsbət ifadələr işlədiblər. O zamandan sonra qanun çərçivəsində nə baş verdi ki, Azərbaycana gəlib ölkəmiz haqqında isti söz deyənlər sonradan ya işdən çıxardılır, ya da xarici agent elan olunur? Kreml Azərbaycanın müstəqil xarici siyasət yürütməsindən, qonşuları ilə, xüsusilə Rusiya ilə bütün sahələrdə bərabərhüquqlu şərtlərlə, milli maraqlar çərçivəsində əməkdaşlıq etmə istəyindən çox narahatdır. Amma bunu ən yüksək səviyyədə hələ də dilə gətirmirlər. Real fəaliyyətdə isə bunun əksini görürük. Rusiya siyasi və ictimai həyatında aktiv olan, Azərbaycana münasibətdə dost kimi davranan insanlar mövcuddur. Markovla bağlı atılan addım ilk növbədə onlara da xəbərdarlıqdır. Əslində isə Rusiya-Ukrayna müharibəsinin bu qədər uzanması, böyük maddi və insan itkilərinin olması səbəbindən panik halda qərarlar verməyə başlayıb. Bu gedişatla analoji addımların təkrar olunacağını görə biləcəyik. Hesab edirəm ki, rəsmi Bakı indiki zamanda həmin insanların açıq şəkildə müdafiəsinə qalxsa və etirazlar etsə, həmin şəxslərin ictimai, siyasi, hətta fiziki cəhətdən həyatlarına təhlükələr yarada bilər. Çünki göründüyü kimi, Rusiya son zamanlar öz vətəndaşlarına qarşı belə hər hansı qanun normalarını gözləmədən kəskin addımlar ata bilir. Amma başqa variantlarla onlara qarşı ola biləcək problemlərin olmamasına, yaxud aradan qaldırılmasına çalışa bilərik”.
“Yeni Müsavat”