Hakimlər biznesmen Telman İsmayılovun keçmiş şəxsi mühafizəçisi Tarxan Eldukayevi müğənni Avraam Rusoya sui-qəsddə günahsız hesab ediblər. İş Moskva qarnizon hərbi məhkəməsində qapalı rejimdə baxılır.
Lent.az xəbər verir ki, Tarxan Eldukayev sifarişlə adam öldürməyə cəhd və mütəşəkkil dəstə tərəfindən törədilən cinayətdə ittiham olunub.
Baş Prokurorluğun məlumatına görə, 1994-1995-ci illərdə Çerkezovski bazarında torpaq sahələrini icarəyə götürmüş sahibkarlar Tair Qurşumov və Telman İsmayılov arasında maliyyə məsələlərinə görə münaqişə yaranıb. İsmayılov şəxsi mühafizəçisi Eldukayevə pul müqabilində Qurşumovu və onunla birlikdə olan şəxsləri aradan götürəcək adamlar tapmağı tapşırıb. 1996-cı ilin dekabrında isə Moskvada, Şçerbakov küçəsində yerləşən bir binanın girişində naməlum şəxs Qurşumov qardaşlarına bir neçə dəfə tapançadan atəş açıb. Zərərçəkənlərdən biri ağır yaralanıb, digəri isə həlak olub.
Bundan əlavə, istintaqın versiyasına görə, 2006-cı ildə Telman İsmayılov şəxsi münasibətlərdə müğənni Avraam Russonun onun şəxsi himayəsindən imtina etməsinə görə əsəbiləşib və onun qətlə yetirilməsi barədə əmr verib. Bu məqsədlə Eldukayev müəyyən olunmamış şəxslər vasitəsilə Mixail Demkini, Vitali Curunu və Aleksey Tryasnikovu cəlb edib. 2006-cı il avqustun 19-da Demkin Moskvada Plyuşçixa küçəsindəki evlərdən birinin yanında avtomatdan Russoya və onunla birlikdə avtomobil salonunda olan mühafizəçisinə ən azı altı güllə atıb, nəticədə sənətçi bud nahiyəsindən yaralanıb.
Tryasnikov və Cura 2022-ci ildə müvafiq olaraq 12 və 9 il ciddi rejimli həbsxana cəzası alıblar, Demkinə qarşı cinayət təqibi isə onun ölümü ilə bağlı dayandırılıb. Bundan əlavə, müğənninin oğurlanması işi üzrə digər təqsirləndirilənlər artıq daha əvvəl məhkum olunublar. Belə ki, Zaur Mərdanova Moskvanın Presnenski məhkəməsinin qərarı ilə qiyabi olaraq 7 il həbs cəzası verilib, Elayar Damirov və Vladimir Qusakov isə müvafiq olaraq beş və altı il həbs cəzası alıblar. Lakin onların hamısı müddətin keçməsi ilə əlaqədar cəzadan azad ediliblər.
Hazırda beynəlxalq axtarışda olan İsmayılov və onun tərəfdaşları barəsində istintaq davam etdirilir.