Xəbər verdiyimiz kimi, aparıcı Aytən Səfərova barəsində keçirdiyi yol qəzası ilə bağlı cinayət işi başlanıb, istintaq gedir.
Ötən ilin aprelində Xətai rayonu, 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində aparıcının idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə “Hyundai İX-35” markalı avtomobilin toqquşması Ayxan Əliyev adlı gəncin ölümü ilə nəticələnib.
Ekspertiza və bir ilə yaxın davam edən istintaq araşdırmalarından sonra belə nəticəyə gəlinib ki, baş vermiş qəzada həm “Hyundai İX-35”in sürücü İsmayıl Məmmədovun, həm də jurnalistin təqsiri olub.
“Cebheinfo.az”-a açıqlama verən Aytən Səfərova bildirib ki, bəzi qüvvələr insanlarda çaşqınlıq yaratmaq istəyir:
“Bunu qəsdən edən insanlar var. Mən bu məsələdə günahsız olduğumu bilirəm, bunu sübut edən kadrlar da var. Orada sürət həddi yazılıb, o sürət həddini necə müəyyənləşdiriblər, haradan çıxarıblar, bu da böyük sual doğurur. Sürücülük vəsiqəsinə gəldikdə, bir həftədən bir neçə gün çox sürücülük vəsiqəmin vaxtı bitibmiş.
Azərbaycanda ən maraqlı məsələlərdən biri odur ki, texniki baxış bitən kimi sürücüyə, sığorta müddəti bitən kimi isə avtomobil sahibinə dərhal cərimə yazılır. Adamın başı o qədər qarışıq olur ki, hansı sənədin vaxtının nə qədər olduğu unudulur”.
Aparıcı qeyd edib ki, ədalətin öz yerini tapacağına inanır:
“Hadisə ilə bağlı kadrlar açıqlanacaq, ictimaiyyət də hər şeyi öz gözü ilə görəcək. Mənim orada cinayət tərkibli əməlim yoxdur. Bunu demişəm, deyirəm və deyəcəyəm də. Mən və vəkilim hazırıq. Bu, cəmiyyətdə çaşqınlıq yaratmaq üçün atımış addımdır, yəqin ki, bunun arxasında hansısa qüvvələr dayanıb.
Eyni zamanda, məhkəmə sisteminə, hakimə təsir etmək məqsədi daşıyır. Bəziləri ehtiyat edirlər ki, mən bu məhkəmədə bəraət ala bilərəm. Çünki mən 28 ildi efirə çıxan adamam. Məni insanlar çox yaxşı tanıyırlar, əgər bu məsələdə günahım olsaydı, çıxıb deyərdim ki, mənim də günahım var.
Lakin bu məsələdə mənim günahım yoxdur. Mən məhkəmələrin ədalətinə inanıram, bu məsələdən alnıaçıq, üzüağ çıxacağıma inanıram. Üstəlik o uşağın ailəsinin məndən şikayəti yoxdur. Uşağın məzar daşının qoyulmasına, qırx, il mərasiminin keçirilməsinə də kömək göstərmişəm. Bunlar günahkar olduğum üçün deyil, övladını itirən ailənin yanında olmaq üçün edilən əməllərdir”.