Rusiya ordusu avqustun 6-da Ukraynanın Odessa regionunda Qaz Nəqli Sistem Operatorunun stansiyasında məqsədyönlü şəkildə hücum edib. Bu stansiyanın Yunanıstanın maye qaz terminallarını Trans-Balkan boru xətti vasitəsilə Ukraynanın qaz ehtiyatı təsisatları ilə birləşdirən marşrutun bir hissəsi olduğu açıqlanıb. Məlumata görə, ABŞ maye qazı və Azərbaycan qazı buradan təmin olunur.
Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin Prezident Donald Trampla görüşə hazırlığı fonunda bu hücum xüsusi diqqət çəkir.
Stansiyanın vurulması təsadüfidir, yoxsa Bakıya mesaj xarakteri daşıyır? Moskva belə bir hücumla nəyə nail olmağa çalışır?
Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, Rusiya hər zamankı kimi dağıdıcı imperial təbiətini biruzə verir:
“2008-ci ilin avqustunda Rusiyanın Gürcüstanla müharibəsi zamanı da Azərbaycanın qaz kəməri “təsadüfən” zədə görmüş, ehiyat məqsədi ilə BTC (neft kəməri) də bağlanmışdı. Həmin dövrdə qısa müddətlik də olsa, Azərbaycan öz enerji qaynaqlarını Rusiya üzərindən ötürməyə məcbur qalmışdı. Bu, o zaman Gürcüstanla Rusiya arasında yaşanan konfliktdən qaynaqlansa da, Azərbaycana təzyiq xarakteri daşıyırdı.
Azərbaycan 2022-ci ildən bu yana davam edən Rusiya-Ukrayna müharibəsinə münasibətdə neytral mövqe sərgiləsə də, daim Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib, bu ölkəyə humanitar yardımlar edib. Ən son Bakı ilə Kiyev arasında imzalanan qaz sazişi də müəyyən mənada humanitar xüsusiyyətə malikdir. Belə ki, Rusiyadan qaz təchizatının tamamilə kəsilməsi fonunda Ukraynanın təbii resurslara yaranan ehtiyacı, qarşıdakı dövrdə ölkəni enerji-iqtisadi və gündəlik yaşam səviyyəsində böhrana sürükləməkdə idi”.
Ekspertin sözlərinə görə, Azərbaycanın belə bir vəziyyətdə Ukraynaya enerji təminatı sadəcə iqtisadi maraqlardan deyil, həm də ölkəmizin humanitar mövqeyindən irəli gəlir:
“Lakin Rusiya bunu təbii ki, qəbul etmək istəmir. Odur ki, müharibə müddətində Ukraynaya hər hansı yardım Moskvada qıcıq yaradır. Nəticə olaraq, son hücumda da məhz TAP xəttinin uzantısı olaraq çəkilən Trans-Balkan boru xəttindən (interkonnektordan) Ukraynaya qaz təchizatının həyata keçirildiyi xətt vurulub. Bu, tarixi nəticələrlə yekunlaşması gözlənilən Vaşinqton görüşü öncəsi Rusiyanın açıq mesajı hesab oluna bilər”.